
Bakı. Trend:
Dünyada milyonlarla insanın əziyyət çəkdiyi hipertrofik
kardiomiopatiya (HCM) xəstəliyinin ağırlaşma riskini müəyyən etmək
üçün sadə qan testi hazırlanıb.
Trend bu
barədə xarici KİV-ə istinadla xəbər verir.
Harvard və Oksford universitetləri də daxil olmaqla bir qrup
alim tərəfindən aparılan araşdırmaya əsasən, bu test vasitəsilə
ölümcül ağırlaşmalara daha çox məruz qala biləcək şəxsləri
əvvəlcədən müəyyən etmək mümkün olacaq. Yeni hazırlanmış qan testi
isə N-terminal Pro-B tipli natriuretik peptidin (NT-Pro-BNP)
səviyyəsini ölçməklə bu riski dəyərləndirməyə imkan verir. Testin
geniş tətbiqi, pasiyentlərin vaxtında müdaxilə və nəzarət altında
saxlanması ilə həyatların xilas olunmasına töhfə verə bilər.
Qeyd edək ki, HCM əsasən genetik dəyişikliklərlə yaranır və irsi
ötürülür. Xəstələrin bəziləri heç bir simptom göstərməsə də,
digərlərində ürək çatışmazlığı və ritm pozğunluğu kimi ciddi
fəsadlar müşahidə olunur. Hazırda HCM-nin tam müalicəsi yoxdur və
risk altında olan xəstələrin müəyyənləşdirilməsi tibbi baxımdan
ciddi çağırış olaraq qalır.


