Bakı. Trend:
Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89
kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq
narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, narkotik vasitə
ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü
aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər
müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin
tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.
Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən
gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə
həşiş və 89 kiloqram 705 qram narkotik vasitə-marixuana aşkar
edilib.

