Kim Çen In 2026-cı ildə sursat istehsalının artırılmasını tapşırıb

Baş səhifə

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In 2026-cı il üçün sursat və raket istehsalı planlarının artırılmasının vacibliyini bildirib.

APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen In hərbi-sənaye kompleksinə aid müəssisələrə səfər edərək 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalının gedişi ilə tanış olub. O qeyd edib ki, aparıcı müəssisələr beşillik planın son ili olan 2025-ci il üzrə istehsal planını uğurla yerinə yetirərək ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə veriblər.

“Yoldaş Kim Çen In silahlı qüvvələrin raket və artilleriya bölmələrinin perspektiv tələbatını nəzərə alaraq, inkişaf baxımından 2026-cı il üçün istehsal planının artırılmasının zəruriliyini vurğulayıb”, – deyə məlumatda deyilir.

Bunun üçün əlaqəli istehsal müəssisələrinin texniki bazasının gücləndirilməsi, ümumi istehsal güclərinin genişləndirilməsi vacib sayılıb.

KXDR lideri həmçinin bildirib ki, gələcəkdə sursata olan tələbatı ödəmək məqsədilə hərbi-sənaye sektorunda yeni müəssisələr yaradılmalıdır. Bu məsələ ilə bağlı qərarın qarşıdan gələn partiya qurultayında qəbul ediləcəyi qeyd olunub.