
Şəklin mənbəyi, Reuters
Türkiyə hakimiyyəti, özünü İslam Dövləti adlandıran qruplaşmanın 100-dən çox şübhəli üzvünü həbs edib.
Rəsmilər bildiriblər ki, bununıa Milad və Yeni il tədbirlərinə planlaşdırılan hücumların qarşısı alınıb.
Şəhərin baş prokuroru bildirib ki, İstanbulda 124 ünvanda kütləvi reydlər keçirilib, odlu silahlar, sursatlar və “təşkilati sənədlər” müsadirə edilib.
Rəsmilər bildiriblər ki, İŞİD tərəfdarları bu həftə Türkiyədə, xüsusən də qeyri-müsəlmanlara qarşı hücumlar planlaşdırıblar.
Rəsmi açıqlamada deyilir ki, polis 115 şübhəlini saxlayıb, lakin daha 22 nəfər axtarılır.

Şəklin mənbəyi, Getty
Prokurorluq şübhəlilərin Türkiyə xaricindəki İŞİD üzvləri ilə əlaqədə olduğunu bildirib.
Bu açıqlama Türkiyə kəşfiyyatının Əfqanıstan-Pakistan sərhədindəki reydlərindən iki gün sonraya təsadüf edir.
Bölgədə fəaliyyət göstərən İŞİD qanadında yüksək vəzifə tutduğu iddia edilən bir Türkiyə vətəndaşı saxlanılıb və o, mülki şəxslərə qarşı hücumlar planlaşdırmaqda ittiham olunub.
Türkiyənin təhlükəsizlik xidmətləri mütəmadi olaraq İŞİD ilə əlaqəsi şübhəli bilinən insanları hədəf alır.
Ölkənin Suriya ilə 900 km (560 mil) sərhədi var və qruplaşma ölkənin bəzi yerlərində fəaliyyətini davam etdirir.
Türkiyə hökuməti ilə sıx əlaqələri olan Suriya prezidenti Əhməd əl-Şaraa İŞİD-ə qarşı mübarizədə ABŞ və Avropa ilə əməkdaşlıq edəcəyinə söz verib.
ABŞ üç amerikalının öldürülməsinə cavab olaraq, cümə günü qrupun Suriyadakı mövqelərinə hava hücumları təşkil edib.
Bu ayın əvvəlində iki ABŞ əsgəri və bir mülki tərcüməçi İŞİD silahlıları tərəfindən öldürülüb.


