
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və diplomatik müşaviri Cared Kuşner ilə danışıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski teleqramda məlumat verib.
“Konstruktiv və intensiv işiniz, ukraynalılara xoş sözlərinizə və Milad təbriklərinizə görə təşəkkür edirəm. Biz Ukraynaya qarşı bu müharibənin sonunu yaxınlaşdırmağa və bütün sənədləri və addımları real, effektiv və etibarlı etməyə çalışırıq”, – deyə o qeyd edib.
Zelenskinin sözlərinə görə, söhbət əsnasında işin bəzi əhəmiyyətli detallarını müzakirə ediblər.
“Ortaq nəticə və davamlı sülh üçün işləyə biləcək yaxşı ideyalar var. Əsl təhlükəsizlik, əsl bərpa, əsl sülh — Ukraynada, ABŞ-da, Avropada və bizi dəstəkləyən hər bir tərəfdaşda hamımızın ehtiyac duyduğu şey budur. Ümid edirəm ki, bu gün Milad razılaşmalarımız və müzakirə etdiyimiz ideyalar faydalı olacaq”, – deyə prezident qeyd edib.
Zelenskini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, ABŞ-la danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Hnatov, xarici işlər naziri Andrey Sibiha, xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya, Prezident Aparatının sədr müavini İqor Brusilo və Prezident Aparatının müşaviri Aleksandr Bevz müşayiət edib.
“Razılığa gəldik ki, Rustem bu gün Stiv və Caredlə yenidən danışacaq. Biz inanırıq ki, bizi nəticəyə yaxınlaşdıra biləcək bir günü və ya bir fürsəti də boşa verməmək düzgündür. Qoy bugünkü söhbətimiz sülhə doğru daha bir addım olsun”, – deyə dövlət başçısı əlavə edib.


