Bakı.Trend:
Hökümə uçuşdan əvvəl axşam bizə zəng etdi. Qardaşının balaca
övladı ilə danışdı.
Trend xəbər
verir ki, bunu Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə
Əliyeva jurnalistlərə açıqlamasında deyib.
“Qızım səhəri günü uçuşun olacağını bizə deməmişdi. Səhəri günü
faciə xəbəri aldıq. Bu, ən ağır xəbər idi. Balamın ölüm xəbərini
eşitmək qəbuledilməz idi”.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar
Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən
“Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya
uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5
ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə
qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus
“Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya
Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı
yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi
haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj
üzvlərinə – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç
Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra
Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

