NFC ödənişlərinin tətbiqi genişlənir

Baş səhifə

Dekabrın 25-dən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün
avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank
kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız
ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

Yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri
ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda
sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə
artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim
edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl
ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır. 


Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq
nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır –
telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər
cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı
validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və
əməliyyat tamamlanır.




Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli
yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə
etməlidirlər.

Layihənin pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəli
marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər
daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə
genişləndirilməsi nəzərdə tutulub.