
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiyada miqrantlara nəzarət getdikcə sərtləşir.
Cəmi bir il ərzində hakimiyyət “qanunsuz miqrantlar” üçün reyestr yaradıb, uşaqların məktəblərə qəbulunu çətinləşdirib, polisə məhkəməsiz deportasiya etmək səlahiyyəti verib və Moskva ilə ətraf vilayətlərdə gəlmələrin hərəkətini izləyən tətbiq istifadəyə verib.
Ukraynadakı müharibə və rublun dəyərdən düşməsi fonunda Rusiyada işləmək artıq əvvəlki qədər cəlbedici deyildi.
Yeni məhdudiyyətlər isə Mərkəzi Asiyadan olan bir çox gənci başqa ölkələrə, o cümlədən Avropaya üz tutmağa vadar edir.
Moskvada “məcburən”
25 yaşlı Bilal* gənc qırğızıstanlıların 89 faizi kimi həmişə xaricdə işləmək istəyib.
Qırğızıstanda gənclər elə şəraitdə böyüyür ki, əmək miqrasiyası kütləvi, iqtisadi baxımdan zəruri və sosial cəhətdən qəbul edilən bir haldır.
Daxili iqtisadiyyat isə hələlik müqayisə edilə bilən imkanlar təklif etmir.
Ölkədə orta aylıq maaş 42 min somdur (480 dollar), halbuki, məsələn, Rusiyada istehsalat sahəsində aylıq əməkhaqları 150 min rubla (təxminən 2 min dollar) çata bilir.
Həmyerlilərinin əksəriyyətindən fərqli olaraq, Bilal heç vaxt Rusiyada işləməyi planlaşdırmayıb. “Çünki bizim vətəndaşların çoxu Rusiyada irqçiliklə üzləşir”, – deyə o izah edir.
Onun arzusu Avropa idi. Amma əlaqə və tanışlıq olmadan Avropa İttifaqında iş üçün dəvət almaq demək olar ki, mümkünsüz görünürdü. Buna görə Bilal “vasitəçilərə” – Avropa şirkətləri ilə əlaqələri olan və daimi olaraq işçi qüvvəsinə ehtiyac duyan həmyerlilərinə müraciət etdi.
Vasitəçilər ona Sankt-Peterburqa gəlməyi məsləhət gördülər. Onların sözlərinə görə, orada bütün sənədləri rəsmiləşdirmək və viza üçün müraciət etmək daha asan idi.
Bu, koronavirus pandemiyasının qızğın dövrünə təsadüf edirdi.
Şengen zonası ölkələrinin bir çoxu viza verməyi dayandırmış, konsulluqlarını isə müvəqqəti bağlamışdı. Bilal əliboş halda vətənə qayıtmaq istəmirdi, buna görə də Rusiyada qalmağa qərar verdi, öz sözləri ilə desək, “məcburən”.
“Əvvəlcə xizək kurortunda qanunsuz işləyirdim. Əsasən, odun tədarükü görür, kotteclərin ətrafındakı qarı təmizləyirdik. Pulu nağd verirdilər”, – deyə o xatırlayır.

Şəklin mənbəyi, Valentin Yegorshin/TASS
İki aydan sonra Bilal Moskvaya köçdü və patent aldı: bu sənəd vizasız rejimi olan ölkələrdən gələn əcnəbilərə Rusiyada qanuni işləməyə imkan verir.
O, “Yandex”də kuryer kimi işə düzəldi.
Bilal rus dilində mükəmməl danışır. O bunu dostlarından fərqli olaraq, ksenofobiya ilə nisbətən az qarşılaşmasının səbəbi kimi izah edir. Amma münaqişələr yenə də olurdu.
“Belələri də vardı ki, deyirdilər: “Bax, miqrantlar doluşub bura…” Xüsusilə də müştəri özü ünvanı səhv yazanda, buna görə çatdırılmada problem yarananda – günahkar, əlbəttə ki, miqrantlar olurdu”.
Bilal Rusiyanı Ukraynada genişmiqyaslı müharibə başlamazdan iki ay əvvəl tərk edib.
“O vaxt indiki kimi deyildi, – deyə o xatırlayır. – Bəli, küçədə saxlayırdılar, amma pul alıb buraxırdılar. İndi isə dostlar “Amina”dan da danışır, polisin küçələrdə necə tutduğundan da, müharibəyə göndərilmədən də”.
Onun arzusu hələ də Avropa olaraq qalırdı.
Reydlərdən total nəzarətə
Rusiyada əmək miqrantları üçün qanuni işləməyə aparan yol Səharovo kimi tanınan mərkəzdən keçir.
Bu mərkəz Moskvadan 60 kilometr aralıda yerləşir və ora gələnləri tez-tez saatlarla davam edən nəhəng növbələr qarşılayır.
Ərazi silahlı təhlükəsizlik qüvvələri tərəfindən qorunur, içəridə isə “sosial əhəmiyyətli xəstəliklərin” aşkar edilməsi üçün qan və sidik analizi kimi prosedurlar aparılır.
İlk cəhddə sənədləri ala bilənlər qanuni işləyə bilsələr də, bu, onları sonrakı problemlərdən sığortalamır. Ruslar çox vaxt onlara ev kirayə vermək istəmirlər. Miqrantların uşaqları “yer çatışmazlığı” bəhanəsi ilə məktəb və uşaq bağçalarına qəbul edilmir. Onlar özləri isə iş yerlərində “reydlərə”, küçədə və ya nəqliyyatda davamlı “sənəd yoxlamalarına” məruz qalırlar.
Hətta Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə də onlara təzyiq vasitəsinə çevrilib: bir çoxlarına “bonuslar” qarşılığında müharibədə iştirak təklif olunur, məsələn, vətəndaşlığın sürətləndirilməsi.
İcraçıları Tacikistan vətəndaşı sayılan dörd nəfərin “Crocus City Hall”a hücumdan sonra təhlükəsizlik qüvvələri genişmiqyaslı reydlər keçirdi.
Tacikistan hakimiyyəti isə ksenofobiya hallarından ehtiyat edərək öz vətəndaşlarına evdən çıxmamağı belə tövsiyə etdi.

Şəklin mənbəyi, OLGA MALTSEVA/AFP via Getty Images
Daha sonra qanunvericilər də işə qoşuldular.
Son bir il ərzində nikah yolu ilə yaşayış icazəsinin alınması məhdudlaşdırıldı, Daxili İşlər Nazirliyinə miqrantları məhkəməsiz deportasiya etmək səlahiyyəti verildi, onların uşaqlarına məktəbə qəbul olunmaq üçün rus dili imtahanı vermək məcburiyyəti qoyuldu.
Eyni zamanda Nəzarət olunan şəxslər reyestri yaradıldı: Rusiyada qalmaq üçün qanuni əsası olmayan əcnəbilərin məlumat bazası.
Artıq bəzi insanların bu bazaya səhvən daxil edilməsi halları məlumdur.
Nəticədə onlar faktiki olaraq, ölkə daxilində hərəkət etmək hüququndan məhrum olunub, bank hesabları bloklanıb, hətta avtomobil idarə edə bilməyiblər.
Bütün bu tədbirləri Rusiya hakimiyyəti “qanunsuz miqrantlarla mübarizə aparmaq” və cinayətlərin qarşısını almaq zərurəti ilə izah edirdi.
Bu ilin iyul ayında Daxili İşlər Nazirliyi miqrantlar tərəfindən törədilən cinayətlərin artdığını bildirmişdi, lakin ümumi cinayət statistikası içində əcnəbilərin payı yenə də aşağı olaraq qalır.
“Dəqiq desək” (“Если быть точным”) layihəsinin araşdırması göstərib ki, yetkin yaşda olan Rusiya vətəndaşı kişilər miqrantlara nisbətən daha tez-tez cinayət törədirlər.
Sentyabrın 1-dən etibarən pilot rejimdə yeni layihə işə salınıb: Moskva və ya Moskva vilayətində olan Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukraynadan olan miqrantlar telefonlarına “Amina” adlı tətbiqi quraşdırmaq məcburiyyətindədirlər.
Hakimiyyət gizlətmir ki, tətbiqin əsas məqsədi istifadəçilərin yerləşdiyi yeri daimi rejimdə izləməkdir.
Gah işləyir, gah işləmir
Əgər telefon üç iş günü ərzində “Amina”ya geolokasiya məlumatı ötürməzsə, eksperiment iştirakçısı avtomatik olaraq qeydiyyatdan çıxarılır.
Miqrant vəziyyəti operativ şəkildə düzəldə bilməzsə, “nəzarət olunan şəxslər” reyestrinə düşmək riski ilə üzləşir. Bu isə bank hesablarının bloklanmasına, işin itirilməsinə və ya universitetdən xaric edilməyə səbəb ola bilər.
Tacikistan vətəndaşı olan 27 yaşlı İmran narahatdır: “Telefonda geolokasiya aktivdir və “Amina”ya hər şey ötürülür, amma gündə bir neçə dəfə bildiriş gəlir ki, guya geolokasiya ötürülmür. Tətbiq yarımçıq işləyir. Bunun mənim üçün nə ilə nəticələnəcəyini təsəvvür belə edə bilmirəm”.
İstifadəçilər “Amina”nın işləməsində problemlər barədə davamlı olaraq məlumat verirlər.
Bəzilərində tətbiq fotoşəkli qəbul etmir, digərlərində məlumatlarının yoxlamadan keçmədiyi barədə bildiriş alırlar. Amma ən çox rast gəlinən problem məhz geolokasiya ilə bağlıdır.
RuStore platformasında tətbiqə yazılan şərhlərdə tərtibatçı şirkətin nümayəndələri bildirirlər ki, “mütəxəssislər tətbiqin sabitliyi üzərində daim işləyirlər” və texniki dəstəyə müraciət etməyi tövsiyə edirlər.
Lakin istifadəçilər saatlarla əlaqə xəttində gözlədiklərindən şikayətlənirlər.
“Saxarovo” mərkəzinin baş direktoru Anton İqnatov iddia edir ki, bu proqramın köməyi ilə təhlükəsizliyi artırmaq və “vicdansız vətəndaşlar tərəfindən edilən pozuntuların qarşısını almaq” mümkün olacaq.
O, misal olaraq belə halları göstərir: miqrantlar əmək patenti, yəni iş icazəsini qısa müddətlik alır, daha sonra isə “kölgəyə çəkilir”, “Moskva və vilayətin sənaye zonalarında haradasa itib-batırlar”.

Şəklin mənbəyi, Mikhail Tereshchenko/TASS
Belə hallar həqiqətən baş verir və ən aydın səbəb puldur.
Bu ilin 1 yanvarından etibarən, Moskvada və Moskva vilayətində patent üzrə aylıq ödəniş 8900 rubl (115 dollar) təşkil edir.
Bir çoxları üçün isə… Məsələn aşağı maaşlı işlərdə çalışan miqrantlar üçün – tikintilərdə və ya anbarlarda, bu, maaşın əhəmiyyətli hissəsini təşkil edir və bəzilərini “boz zona”ya keçməyə sövq edir.
Digər bir amil isə Asiya ölkələrindən olan miqrantların daha çox çalışdığı sahələrdə maaşların gecikdirilməsidir.
Moskva ətrafında tikintidə çalışan Özbəkistandan olan Məhəmmədcon son iki ay yarım ərzində maaş almamışdı. Bir ay əvvəl o, patenti ödəməyi dayandırıb, sadəcə, pulu yoxdur. Özünü qorumaq üçün hər hansı təsir mexanizmi görmür.
Belə insanlarla işləmək sığorta haqlarını ödəməkdən yayınan, pulu “zərfdə” verə bilən və eyni zamanda işçilərin əlavə iş saatlarına və aşağı əməkhaqqına razı olduqlarını anlayan işəgötürənlər üçün sərfəlidir.
İşləmək həddindən artıq çətinləşdi
32 yaşlı Qudaybergen Qırğızıstandandır. O, Moskvadan kənarda yerləşən bir anbarda “ailəni dolandırmaq üçün” işləyirdi.
İşəgötürən anbar işlərində çalışan miqrantlar üçün yataqxana da təmin edirdi.
“OMON bizə gəlmişdi. Bizimlə elə rəftar edirdilər ki, guya təhlükəli terrorçunu həbs edirlər. OMON dəyənəklərlə, elektroşokerlərlə gəlirdi, sanki hücuma keçirdilər. Hamımızı qapının arxasına çıxartdılar. Təxminən iki saat qapı önündə əllərimizi arxadan çarpazlayaraq dayandıq. Bu müddət ərzində hamımızın sənədlərini yoxlayırdılar, – deyə o xatırlayır. – Rus dilini zəif başa düşənlər də vardı, onlar üçün çox çətin idi. Nəyisə anlamayanda döyürdülər. […] Şükür Allaha ki, sənədlər qaydasında idi”.
Rusiya hakimiyyəti, adətən, bildirir ki, yoxlamalar qanuna tam uyğun şəkildə aparılır və miqrantlara qarşı heç bir qanunsuz hərəkətə yol verilmir.
Daxili İşlər Nazirliyi arqument kimi onu göstərir ki, miqrantlar belə yoxlamalardan sonra polisə şikayət ərizəsi ilə müraciət etmirlər.
İlin sonuna yaxınlaşdıqca yoxlamalar daha da güclənib, – Qudaybergen deyir.
Bütün bu yeniliklər və miqrantlara münasibət səbəbindən o anlayıb ki, Rusiyada işləmək həddən artıq çətinləşib və buna görə də vətəninə qayıdıb.
“Amma indi ailəni dolandırmalıyam, – deyə o bildirir. – Avropa haqqında düşünürəm, dost-tanışlardan necə getmək olar, soruşuram. Amma, bilmirəm, alına biləcəkmi. Deyirlər ki, viza almaq çox çətindir”.
Novosibirsk vilayəti üzrə Rusiya Qvardiyası Qoşunları İdarəsinin əməkdaşı “Vostok” ticarət mərkəzində vətəndaşların sənədlərini yoxlayır.

Şəklin mənbəyi, Kirill Kukhmar/TASS
35 yaşlı, üç uşaq anası Gülnurə əri ilə birlikdə on ildən artıq Rusiyada yaşayıb.
2025-ci ilin yazında o, uşaqları ilə birlikdə istirahət üçün doğma Qırğızıstana uçub. Elə orada olarkən miqrant uşaqları üçün məktəbə qəbul zamanı rus dili üzrə imtahan verilməsi ilə bağlı yeni tələblərdən xəbər tutub.
Gülnurənin uşaqları rus dilində mükəmməl danışırlar, amma buna baxmayaraq, onları məktəbə qəbul etmirdilər: “yer yox idi”.
“Əvvəlcə Moskvaya qayıtmağı planlaşdırırdıq. Amma indi orada olan dostlarım şikayət edirlər ki, uşaqları məktəbə yerləşdirə bilmirlər, – deyə Gülnurə danışır. – Bir rəfiqəm apreldən bəri sənədlər toplayır, amma qəbul etmirlər.
Digəri test mərhələsinə qədər çata bildi, amma imtahandan sonra imtina cavabı gəldi: “Sizin uşağınız rus dilini kifayət qədər bilmir”. Halbuki onun qızı Moskvada doğulub və böyüyüb, rus dilində sərbəst danışır, uşaq bağçasına və hazırlıq kurslarına gedib, yazıb-oxuya bilir”.
“Dil biliyi tələbi Rusiyanın bütün ərazisində miqrant uşaqlarının məktəblərə qəbulundan əsassız imtina edilməsi ilə bağlı əvvəldən mövcud olan praktika üçün sadəcə bir bəhanəyə çevrilib.
Miqrant uşaqlarını məktəblərə buraxmamaqla Rusiya hakimiyyəti faktiki olaraq, təhsilin verdiyi həyati üstünlükləri onların əlindən alır. Məktəbə getməyə qadağa uzunmüddətli sosial inteqrasiyanı sarsıdır, təhlükəli uşaq əməyinə cəlb olunma riskini artırır və erkən nikah təhlükəsini gücləndirir”, – deyə Human Rights Watch* hüquq-müdafiə təşkilatından Sıynat Sultanəliyeva hesab edir.
Gülnurə uşaqları ilə birlikdə Rusiyaya qayıtmamaq qərarı verib: “Hazırda ərim hələ Moskvadadır. Burada artıq iş hazır olanda o da gələcək. Amma biz – mən və uşaqlar – artıq birdəfəlik qayıtmışıq, çünki orada yaşamaq mümkün deyil”.
Avropaya açılan pəncərə
Rusiyada miqrantların məyusluğunu göstərən çoxsaylı nümunələrə baxmayaraq, son illərdə əmək miqrasiyasının azalmasını birmənalı şəkildə demək mümkün deyil: mövcud statistika parçalanmış vəziyyətdədir, müxtəlif qurumların məlumatları isə bir-biri ilə uyğun gəlmir.
Vəziyyəti çətinləşdirən digər amil Daxili İşlər Nazirliyinin əsas məlumatları dərc etməyi dayandırması və miqrasiya uçotu metodikalarının bir neçə dəfə dəyişdirilməsidir. Bu isə illər üzrə müqayisələri etibarsız edir.
2024-cü ildə Ali İqtisadiyyat Məktəbinin tədqiqatçıları belə qənaətə gəliblər ki, Rusiyada əmək miqrasiyası son on ilin ən aşağı səviyyəsindədir.
Bundan sonra ölkəyə girişlərin sayı artsa da, ölkədə qanuni əmək miqrantlarının orta illik mövcudluğu sabit şəkildə 3–3,5 milyon səviyyəsində qalır ki, bu da əvvəlki illərin göstəricilərindən xeyli aşağıdır.
“Rossiyskaya qazeta” yazır ki, əcnəbilər iki səbəbə görə Rusiyaya işləməyə daha az həvəslə gedirlər: miqrasiya siyasətinin sərtləşdirilməsi və gəlirlərin azalması. Rublun məzənnəsinin düşməsi nəzərə alındıqda, dollar ekvivalentində gəlirlər təxminən üçdə bir azalıb.
Bununla belə, Rusiya demək olar ki, Mərkəzi Asiyanın bütün ölkələrindən olan əmək miqrantları üçün hələ də ən populyar istiqamət olaraq qalır.
Özbəkistan, Tacikistan və Qırğızıstandan olan miqrantlar üçün ikinci yerdə Qazaxıstan dayanır. Orada miqrantların əksəriyyəti tikinti sahəsində, topdansatış və pərakəndə ticarətdə, eləcə də xidmət sektorunda çalışır.
Üçüncü yerdə isə Türkiyə qərarlaşıb: burada Mərkəzi Asiyadan olan miqrantlar istehsalatda, xüsusilə tekstil və geyim sənayesində, tikintidə, mehmanxana-restoran sahəsində, eləcə də mövsümi kənd təsərrüfatında çalışırlar.
Cənubi Koreya zavodlarda, kənd təsərrüfatında, tikintidə, həmçinin balıqçılıq və balıq emalı sahələrində işləmək üçün miqrantları gözləyir.
Amma bir çoxları üçün – Rusiyadan gedən Bilal kimi- əsas arzu Avropada işləmək üçün dəvət almaqdır.
Nəhayət, o, bunu bacardı: dediyinə görə, iki min dollar ödədiyi həmin vasitəçilərin köməyi ilə iş tapıb. Onlar yük daşımaları ilə məşğul olan bir şirkətdən dəvətin rəsmiləşdirilməsinə kömək ediblər.

Şəklin mənbəyi, JUSTIN TALLIS/AFP via Getty Images
“Əgər Avropada iş təcrübən yoxdursa, başlanğıcda yaxşı bir şirkətdə sürücü kimi iş tapmaq çətin olur. Elə işəgötürənlər var ki, gələnlərin əvvəlcə öz hüquqlarını bilməməsindən istifadə edirlər.
Maaşı tam ödəməyə bilərlər, əlavə saatlarla işləməyə məcbur edə bilərlər. Eyni zamanda, məsələn, polis əmək və istirahət rejiminə çox ciddi nəzarət edir və cərimə yaza bilər, ona görə də qaydaları pozmaq istəmirlər.
Qanuna görə, sürmə vaxtı bitibsə, dayanmalı və istirahət etməlisən”, – Bilal Slovakiyadakı ilk iş yerindəki təcrübəsindən danışır.
Təcrübə topladıqdan sonra o, başqa bir şirkətə keçib və hazırda ayda təxminən iki yarım min avro qazanır.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatına görə, Avropa şirkətlərinin yarıdan çoxu ixtisaslı sürücülərin çatışmazlığı səbəbindən bizneslərini genişləndirə bilmir.
Hazırda Aİ ölkələrində, Norveçdə və Böyük Britaniyada 233 mindən çox yük maşını sürücüsünə ehtiyac var.
Böhranı dərinləşdirən digər amil isə peşənin sürətlə yaşlanmasıdır: gənclər yaxşı maaşlara baxmayaraq, bu karyeraya maraq göstərmirlər.
Əvvəllər Aİ-də fura sürücülərinin nəzərəçarpacaq hissəsini Ukrayna vətəndaşları təşkil edirdi, lakin müharibə səbəbindən bir çoxu vətənə qayıdaraq hərbi xidmətə yollanıb.
Bundan əlavə, bəzi Avropa işəgötürənləri Rusiya və Belarus vətəndaşları ilə əmək müqavilələrini ləğv edib və ya onların vizalarını uzatmayıb, nəticədə onlar da ölkələrinə qayıdıblar.
Bilalın rəsmi şəkildə işlədiyi Slovakiyada ötən il 12 min sürücü çatışmırdı. Buna görə də ölkə Qırğızıstan, Tacikistan, Qazaxıstan, Türkmənistan və Ukrayna daxil olmaqla bəzi ölkələr üçün yükdaşımalarında işləməyə hazır olanlara viza alma prosesini sadələşdirib.
Polşa Özbəkistan və Qazaxıstan vətəndaşlarına fəal şəkildə iş icazələri verir, Çexiya Özbəkistan və Qırğızıstandan olan miqrantları iş vizalarının sürətlə rəsmiləşdirilməsi ilə cəlb edir, Litva da sürücü kimi işləmək istəyənlərə aktiv şəkildə vizalar verir.
Misal üçün, 2023-cü ildə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları üçün Aİ-də ilkin iş icazələrinin sayı əvvəlki ilə nisbətən müvafiq olaraq 30%, 39%, 50% və 63% artıb.
Lakin Bilal hesab edir ki, mövcud vəziyyətə baxmayaraq, Mərkəzi Asiya ölkələrindən Avropaya düşmək hələ də asan deyil:
“Əgər insanın burada şirkətə tövsiyə edəcək tanışları yoxdursa, bu, sadə fəhlələr üçün çox çətin prosesdir”.
Üstəlik, son illərdə Avropanın özündə miqrasiyaya qarşı ictimai narazılıq artır. Bu isə ayrı-ayrı hökumətləri, hətta işçi çatışmazlığı olan sahələrdə belə, üçüncü ölkə vətəndaşları üçün qaydaları sərtləşdirməyə vadar edir.

Bilal Avropada yaşamağı sevir. O, yaxşı maaşdan, avropalıların, xüsusilə italyanların və fransızların münasibətindən razıdır.
Bila işini ağır adlandırır: “Biz evdə olduğumuzdan daha çox evdən kənarda oluruq. İllər keçir, insanlar ailələrini görmür”, – deyə o bildirir.
Bilalın hələlik nə həyat yoldaşı, nə də uşaqları var. Bir neçə ildən sonra o, Slovakiyada daimi yaşayış icazəsinə müraciət edə biləcək, amma hələlik bütün ömrünü Avropa yollarında TIR sürərək keçirib-keçirməyəcəyinə qərar verməyib.
* Qəhrəmanın adı onun xahişi ilə dəyişdirilib.
Material Amira Abidinova və Aysımbat Tokoyevanın iştirakı ilə hazırlanıb.


