İddia sənədinin verilmə tarixi bu şəkildə müəyyən ediləcək

Baş səhifə

Bakı. Trend:

İddia sənədinin verilmə tarixinin müəyyən edilməsi qaydaları
müəyyənləşdiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da
keçiriləcək plenar iclasının gündəliyində yer alan “Patent
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz
əksini tapıb.

Layihəyə əsasən, İddia sənədinin verilmə tarixi onun müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
alındığı tarix üzrə müəyyən edilir, bu şərtlə ki, iddia sənədində
həmin tarixdə azı aşağıdakıların olduğu müəyyən edilmiş olsun:

а) iddia sənədi üzrə patent verilməsi barədə Azərbaycan dilində
müraciət;

b) iddiaçının şəxsiyyətini müəyyən etməyə və ya onunla əlaqə
yaratmağa imkan verən Azərbaycan dilində məlumat;

c) zahirən ixtiranın və ya faydalı modelin təsvirinə oxşayan
istənilən dildə verilmiş mətn hissəsi, sənaye nümunəsi üçün isə
sənaye nümunəsi və onun mühüm əlamətləri barədə kifayət qədər aydın
vizual təsəvvür yaradan şəkillər dəsti.

Bu maddənin 1-ci hissəsinin “c” bəndində qeyd olunan iddia
sənədinin zahirən təsvirə oxşayan hissəsinin yerinə iddiaçı və ya
ondan əvvəl bu hüquqa malik olan şəxs iddia sənədinin verilmə
tarixinin müəyyən edilməsi məqsədilə təsvir və ya istənilən
çertyojların daha əvvəl verilmiş iddia sənədinə istinadla əvəz
edilməsi barədə ərizə təqdim etmək imkanına malikdir.

Ərizə Azərbaycan dilində tərtib olunmalı və olduğu halda daha
əvvəl verilmiş iddia sənədinin nömrəsi, verilmə tarixi və bu iddia
sənədinin ilk verildiyi ölkənin adı göstərilməlidir.

Daha əvvəl verilmiş iddia sənədi iddiaçının hüquqi varisi
tərəfindən verildiyi halda, ərizəyə onun iddiaçının hüquqi varisi
olduğunu təsdiq edən sənəd əlavə edilir.

Bu hissənin birinci abzasında qeyd edilən ərizə verildikdə bu
maddənin 8-ci hissəsi nəzərə alınmaqla, iddiaçı bu cür istinad
saxlayan iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) daxil olduğu tarixdən 2 ay ərzində daha
əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surətini təqdim
etməlidir. Daha əvvəl verilmiş iddia sənədi Azərbaycan dilində
tərtib olunmadığı halda həmin müddət ərzində onun tərcüməsi də
təqdim olunmalıdır.

İddia sənədinin alındığı tarixdə o, bu maddənin 1-ci hissəsində
göstərilən tələblərə cavab vermədikdə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 29-cu maddəsinin
1-ci hissəsində nəzərdə tutulan müddətdə bu barədə iddiaçıya
bildiriş verir, bildirişi aldığı tarixdən 2 ay ərzində ona bu
tələbləri yerinə yetirməyə imkan yaradır və iddia sənədinin verilmə
tarixi kimi bu tələblərin yerinə yetirildiyi tarixi müəyyən
edir.




Bu maddənin 3-cü hissəsində qeyd olunan müddət bitənədək bu
maddənin 1-ci hissəsində göstərilən tələblər yerinə yetirilməzsə,
iddia sənədi verilməmiş sayılır. Bu halda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq səbəblər göstərməklə
bu barədə iddiaçını 5 iş günündən gec olmayaraq yazılı şəkildə
məlumatlandırır.

Bu maddənin 3-cü hissəsində nəzərdə tutulan bildiriş müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiaçı
ilə əlaqə yaratmasına imkan verən məlumatların təqdim edilməməsi
səbəbindən göndərilmədiyi halda, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) bu maddənin 1-ci hissəsində qeyd
olunan bir və ya bir neçə sənədi ilk dəfə aldığı tarixdən 2 ay
müddətində həmin hissədə nəzərdə tutulan tələblər yerinə
yetirilməmişdirsə, iddia sənədi verilməmiş sayılır.

Bu maddənin 2-ci hissəsinin tələbləri yerinə yetirilməmişdirsə,
iddia sənədi verilməmiş sayılır və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) səbəbləri göstərməklə
iddiaçıya bu barədə 5 iş günündən gec olmayaraq bildiriş
göndərir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
iddia sənədinin verilmə tarixini müəyyən edərkən bu maddənin 1-ci
hissəsinin “c” bəndinə uyğun olaraq təqdim olunmuş təsvirin
hissəsinin və ya iddia sənədində istinad edilən çertyojun
olmadığını aşkar etdiyi halda, iddiaçının bildirişi aldığı tarixdən
2 ay müddətində çatışmayan materialların təqdim edilməsinin
vacibliyi barədə ona dərhal bildiriş göndərir.

Bildirişdə göstərilən materiallar iddiaçı tərəfindən 2 ay
müddətində təqdim edildiyi halda onlar iddia sənədinə daxil edilir.
Bu zaman hansı tarixin daha gec olmasından asılı olaraq, müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsvirin bu hissəsinin və ya bu çertyojun alındığı tarix və ya bu
maddənin 1-ci hissəsinə uyğun olaraq bütün tələblərin yerinə
yetirildiyi tarix iddia sənədinin verilmə tarixi hesab olunur.

Əvvəlki iddia sənədi üzrə ilkinlik xahiş edildiyi halda əvvəlki
iddia sənədi çatışmayan hissəni bütövlüklə saxlayırsa, iddiaçının
vəsatəti üzrə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan bütün
tələblərin yerinə yetirildiyi tarix iddia sənədinin verilmə tarixi
sayılır, bu şərtlə ki:

a) bu hissənin üçüncü abzasında qeyd olunan vəsatət iddiaçı
tərəfindən ya iddia sənədi materiallarının müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi zaman, ya da
iddiaçı bu hissənin birinci abzasında göstərilən bildirişi aldığı
tarixdən 2 ay ərzində verilsin;

b) Paris konvensiyasına tərəfdar çıxan ölkələrin birində daha
əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti, hansı müddətin
daha tez bitməsindən asılı olaraq, ya əvvəlki iddia sənədinin
verildiyi tarixdən 16 ay ərzində, yaxud onun surətinin təqdim
edilməsinin vacibliyi barədə bildirişi iddiaçı aldığı tarixdən 4 ay
ərzində təqdim edilsin;

c) başqa dildə tərtib olunduğu halda əvvəlki iddia sənədinin
Azərbaycan dilinə tərcüməsi iddiaçı tərcümənin təqdim edilməsinin
vacibliyi barədə bildirişi aldığı tarixdən 2 ay ərzində təqdim
edilsin;

ç) vəsatətdə təsvirin çatışmayan hissəsinin və ya çatışmayan
çertyojun əvvəlki iddia sənədində və ya onun tərcüməsində harada
olması barədə qeyd olsun.

Əvvəlki iddia sənədi və ya daha əvvəl verilmiş iddia sənədi
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
verildiyi və ya Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İlkin
Sənədlərə Rəqəmsal Giriş Xidməti vasitəsilə onun üçün əlçatan
olduğu halda bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində qeyd
olunan əvvəlki iddia sənədinin və ya bu maddənin 2-ci hissəsində
qeyd olunan daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti
iddiaçıdan tələb olunmur.