
Bakı.Trend:
Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər
vurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların
gətirilməsi, qanunsuz olaraq satışının təşkil edilməsi və digər bu
kimi əməllərin qarşısının alınması ilə əlaqədar Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət
qurumları ilə birgə kompleks, sistemli və ardıcıl tədbirlər
görülür.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən
sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli
şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin
qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış
cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji
Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət
Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz
Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar
birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə
istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət
Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş
direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov,
Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı
Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov,
həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan
Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin
Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat
müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat
vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin
Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər
İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri
araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə
girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından
ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə
markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə
qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq:
– 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda
qaçaqmalçılıq),
– 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə
markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə
saxlama) və
– 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər
Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev,
Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev
barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər
şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk
etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri
seçilməklə beynəlxalq axtarış elan olunub.
Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi
üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak
etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud
Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin
vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktiki
rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov,
gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin
işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin
Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil
nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi
Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə
daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin
Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət
İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla
şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup
şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon
manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün
məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ
rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq
inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə
qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr
müəyyən edilib.
Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq olaraq
– 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və
vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə
qaçaqmalçılıq),
– 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan
malları belə marka olmadan satış məqsədi ilə saxlama),
– 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır
nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə
etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
ediliblər.
İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir
Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza
Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai
istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin
qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri
seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə
ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan
tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır,
sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkar
birliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsi
istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin
ediləcəkdir.


