
Bakı. Trend:
Cari ilin yanvar- noyabr aylarında Azərbaycandan Almaniyaya
ümumilikdə 502 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə olunmuş 956,7 min ton xam neft və neft məhsulları ixrac
olunub.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin
eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 132,4 milyon ABŞ dolları
və ya 20,9 faiz, həcm baxımından isə 45,3 min ton və ya 4,5 faiz
azdır.
Xatırladaq ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan
Almaniyaya 634,4 milyon ABŞ dolları dəyərində 1,002 min ton neft və
neft məhsulları ixrac olunmuşdu.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.


