
Bakı. Trend:
22 dekabr 2025-ci il tarixində Aşqabadda Türkmənistan XİN-in
Beynəlxalq Münasibətlər İnstitutunda Türkmən xalqının Milli Lideri,
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə
edilmiş “Ağlın gövhəri” adlı kitabının təqdimat mərasimi
keçirilib.
Trend xəbər verir ki,
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi məlumat
yayıb.
Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimovanın və
Türkmənistanın xaricidəki diplomatik nümayəndəliklərinin
rəhbərlərinin iştirakı ilə baş tutan tədbirdə ölkədə akkreditə
olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları,
media nümayəndələri, həmçinin, müəllimlər, tələbələr və ictimaiyyət
təmsilçiləri iştirak ediblər.
Konfransda M.Başimova, səfir Qismət Gözəlov, Türkmənistanın
Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Türkmənistan-Azərbaycan
parlamentlərarası işçi qrupunun Türkmənistan tərəfindən rəhbəri
Annamuhammet Sarcayev, Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər
İnstitutunun rektoru Gülşat Yusupova və Türkmənistan Elmlər
Akademiyasının Maxtumquli adına Dil, Ədəbiyyat və Əlyazmalar
İnstitutunun elmi katibi Kakacan Canbekov çıxış ediblər.
Səfir Q.Gözəlov çıxışında vurğulamışdır ki, Qurbanqulu
Berdiməhəmmədovun “Ağlın gövhəri” kitabının Azərbaycan oxucusuna
çatdırılması bu dəyərli əsərin tanıdılması baxımından xüsusi
əhəmiyyət daşıyır. Eyni zamanda, “Ağlın gövhəri” kitabının
Azərbaycan dilində nəşri xalqlarımız arasında mədəni-humanitar
əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Əsər Azərbaycan
oxucularına türkmən xalqının tarixi, zəngin mənəvi dəyərləri,
həmçinin Türkmənistanda elmin, təhsilin və mədəniyyətin inkişafı
barədə geniş və dolğun təsəvvür yaradır. Bununla yanaşı, “Ağlın
gövhəri” əsəri xalqlarımızın ortaq mənəvi dəyərlərinin, tarixi
köklərinin və qardaşlıq ənənələrinin parlaq təcəssümüdür. Əsərin
Azərbaycan dilinə tərcümə edilməsi ədəbi-mədəni əməkdaşlığa yeni
nəfəs verir, türk xalqları arasında mövcud olan mənəvi körpünü daha
da möhkəmləndirir.
Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə
toxunan səfir Q.Gözəlov, ölkələrimiz arasındakı qardaşlıq və
strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətli inkişaf yolu
keçərək 2025-ci ildə ölkə liderlərinin siyasi iradəsi ilə daha da
möhkəmləndiyini, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində
genişləndiyini qeyd etmişdir. Səfir vurğulamışdır ki, Azərbaycanla
Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq
doğurur, son dövrlər baş tutan ali və yüksək səviyyəli qarşılıqlı
səfərlər, görüşlər və diplomatik təmaslar ikitərəfli dialoqu
intensivləşdirmiş, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün
möhkəm zəmin yaradıb.
Həmçinin, səfir çıxışında Türkmənistanın daimi tərəfsizliyinin
tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırmış və
bu xüsusda ölkədə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinə
toxunmuşdur. Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan
daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və
1995-2025-ci illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində
qoşulduğu bildirilir.
Eyni zamanda, Səfir Q.Gözəlov konfransda Türkmənistan mediasına
müsahibə verib.


