Azərbaycan Çinin “BytePlus” şirkəti ilə süni intellektə birgə sərmayəni müzakirə edib

Baş səhifə
İKT

  • 22 dekabr, 2025
  • 16:26
Azərbaycan Çinin BytePlus şirkəti ilə süni intellektə birgə sərmayəni müzakirə edib

Azərbaycan ilə Çinin “BytePlus” şirkəti arasında süni intellekt sahəsində birgə sərmayə və tərəfdaşlıq imkanları müzakirə edilib.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Çinin Şanxay şəhərində keçirilən “ByteDance” şirkətinin “Volcano Engine” platformasının təşkil etdiyi “FORCE Original Power Conference – Winter” tədbiri çərçivəsində baş tutub.

Azərbaycanı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə təmsil edib.

“BytePlus” şirkətinin direktoru Yongliang Zhang ilə işgüzar görüş zamanı tərəflər həmçinin əməkdaşlıq perspektivləri, “BytePlus”un təqdim etdiyi süni intellekt həllərinin Azərbaycanda tətbiqi, ölkəmizdə məlumat mərkəzinin yaradılması ətrafında fikir mübadiləsi aparıb.

Əməkdaşlığın davamı olaraq tərəflər arasında koordinasiyanın gücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. İşçi qrupunun əsas məqsədi prioritet istiqamətlərin müəyyənləşdirilməsi, mümkün birgə layihələrin qiymətləndirilməsi və əməkdaşlıq üzrə praktik yol xəritəsinin formalaşdırılması olacaq.

Konfrans çərçivəsində sənaye və biznes üçün agent əsaslı Süni İntellekt (Sİ) yanaşmalarının təsiri, Sİ həllərinin real sektorlarda tətbiqi, eləcə də böyük dil modellərinin və agent inkişaf ekosisteminin yenilənmələri müzakirə olunub. Tədbirdə, o cümlədən “Doubao” model xəttinin yenilənməsi və Agent inkişaf alətlərinin təkmilləşdirilməsi təqdim olunub.

Qeyd edə ki, “ByteDance” 2012-ci ildə təsis edilib, süni intellektlə dəstəklənən innovativ platformaların yaradılmasına fokuslanan qlobal texnologiya şirkətidir. Şirkət insanların məlumatları kəşf etməsinə, yaratmasına və paylaşmasına kömək edən məzmun və məhsuldarlıq həllərini inkişaf etdirir. Bu məhsullara “TikTok”, “Douyin”, “CapCut”, “Lark” və digər müasir həllər daxildir.