
İran BMT-ə üzv dövlətləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi 12 günlük müharibə dövründə özünün nüvə təsisatlarına edilən hücumu qınamağa çağırıb.
APA xəbər verir ki, bu barədə İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransındakı çıxışında danışıb.
“İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) üzvüdür və öz öhdəliklərinə əməl edib, ən çox yoxlamalara məruz qalan ölkə olub. Buna görə də hər hansı bir böhranın yaranması üçün əsas yoxdur”,- Bəqayi bildirib.
O, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı atdığı addımların hələ də qınanmadığını deyib.
“Bu pisləmə BMT-yə üzv dövlətlər və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru tərəfindən həyata keçirilməlidir”,- İran XİN sözçüsü vurğulayıb.
O qeyd edib ki, heç bir qınanmanın olmaması təkcə qeyri-qanuni bir əmələ qarşı laqeydlik demək deyil, həm də bu cür cinayətlərin təkrarına təşviq mənası daşıya bilər.


