
Bakı.Trend:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları
tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruri
yerlərdə yeni svetoforların quraşdırılması işləri davam
etdirilir.
Trend xəbər
verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, piyadaların rahat və təhlükəsiz keçidini təmin
etmək üçün növbəti işlər paytaxtın Yasamal rayonu, Həsən bəy
Zərdabi prospektində və Səbail rayonu, Bülbül prospektinin Üzeyir
Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində həyata keçirilib.
Belə ki:
1. Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində iki dirək
üzərində yeni düyməli piyada svetoforları quraşdırılıb.
2. Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani
küçələri ilə kəsişməsində yeni nəsil LED işıqlandırma ilə təchiz
olunan piyada svetoforları quraşdırılaraq istifadəyə verilib.
Mərkəz tərəfindən bu istiqamətdə işlər davam etdirilir.


