
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən
Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında
yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının
satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi
sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların
insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam
quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
– obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının
Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
– daxili yanğın kranları işlək vəziyyətdə deyil;
– obyektin zirzəmisində qeyri-standart elektrik qızdırıcısından
istifadə edilir;
– obyekt odsöndürən balonlarla təmin olunmayıb;
– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı
tərtib olunmayıb;
– zirzəmidə təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə
uyğun saxlanılmır;
– obyektin zirzəmisində müxtəlif təyinatlı otaqlar tikilərkən
qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının
yanğına qarşı tələblərinə riayət olunmayıb;
– obyektin birinci mərtəbəsində fəaliyyət göstərən satış
mağazasında havalandırma sistemi mövcüd deyil;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi
təqdim edilməyib;
– tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq
obyektin anbar sahəsi çoxmərtəbəli yaşayış binasının zirzəmi
mərtəbəsində yerləşdirilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında
yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının
satışı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul
olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim
edilib.


