
Bakı. Trend:
Son dövrlərdə Fransada qəbul edilən qanunvericiliyə
dəyişikliklər bu ölkənin təhlükəsizlik və xarici hərbi iştirak
strategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Xüsusilə “etibarlı operatorlar” anlayışının hüquqi dövriyyəyə daxil
edilməsi faktiki olaraq Fransada özəl hərbi şirkətlərin
fəaliyyətinin leqallaşdırılması kimi qiymətləndirilə bilər.
“Etibarlı operatorlar”: hüquqi örtük altında özəl hərbi
mexanizm
2025-ci il oktyabrın 31-də Fransa silahlı qüvvələr naziri
K.Sebastyan Lekornunun (və ya K. Votren – layihənin təşəbbüskarı
kimi) irəli sürdüyü mexanizmə əsasən, Müdafiə Nazirliyi tərəfindən
seçilmiş müəyyən şirkətlər “etibarlı operator” statusu alaraq
beynəlxalq hərbi əməkdaşlıq, dəstək, təlim və xarici missiyalara
cəlb edilə biləcək. Bu şirkətlərlə 10 illik uzunmüddətli
müqavilələrin bağlanması planlaşdırılır.
Səlahiyyətlər spektri olduqca genişdir: böhran və silahlı
münaqişə şəraitində üçüncü dövlətlərin xeyrinə hərbi əməliyyatlarda
iştirak, təlimlərin təşkili, əməliyyat, texniki və logistik
dəstəyin göstərilməsi. Bu fəaliyyətlər quru, dəniz, hava və kiber
məkan daxil olmaqla müasir müharibənin bütün sahələrini əhatə
edir.
Bu kontekstdə “etibarlı operator” termini mahiyyət etibarilə
beynəlxalq praktikada mövcud olan özəl hərbi şirkətlərin fransız
hüquqi reallığına uyğunlaşdırılmış formasıdır. Terminologiyanın
dəyişdirilməsi daha çox ictimai rəyin yumşaldılması və “Fransa özəl
hərbi şirkətlər yaradır” kimi sensasiyalı başlıqlardan yayınmaq
məqsədi daşıyır.
Ukrayna faktoru: dolayı hərbi iştirak
modeli
Bu mexanizmin yaradılmasının əsas geosiyasi motivlərindən biri
Ukrayna münaqişəsidir. 2025-ci il noyabrın 17-də Prezident Emmanuel
Makronun Ukraynaya 10 il ərzində 100-ə qədər “Rafale” qırıcısının
satışını nəzərdə tutan niyyət bəyannaməsini elan etməsi bu ehtimalı
gücləndirir.
Məlumdur ki, “Rafale” kimi mürəkkəb platformaların tam
mənimsənilməsi ukraynalı pilotlar üçün uzun illər tələb edir. Bu
isə Fransaya “etibarlı operator” şirkətləri vasitəsilə öz
pilotlarını və istefada olan zabitlərini Ukraynada təlimçi, texniki
müşavir və hətta əməliyyat iştirakçısı kimi istifadə etmək imkanı
yaradır. Formal olaraq bu şəxslər Fransa Silahlı Qüvvələrinin rəsmi
heyəti sayılmayacaq, lakin faktiki olaraq Fransanın hərbi
potensialını döyüş zonasına daşıyacaqlar.
NATO faktorundan yayınma və hüquqi məsuliyyətin
minimallaşdırılması
Bu model Fransaya mühüm siyasi-diversiya üstünlüyü verir. Rəsmi
Paris istənilən vaxt bəyan edə bilər ki, Ukraynada döyüşən fransız
vətəndaşları dövlətin rəsmi hərbi qulluqçuları deyil. Bununla da
NATO-nun birbaşa münaqişəyə cəlb olunması iddiaları təkzib edilə
bilər.
Belə yanaşma Rusiyanın Fransaya qarşı birbaşa hərbi cavab
zərbəsi endirməsini hüquqi və siyasi baxımdan çətinləşdirir. Nəticə
etibarilə Fransa “dolayı müharibə” (proxy warfare) alətlərindən
birini institusionallaşdırmış olur.
Xarici Legiondan “etibarlı operatorlara”: yeni
format
Fransanın uzun illərdir istifadə etdiyi Xarici Legion modeli ilə
“etibarlı operatorlar” arasında mühüm fərq mövcuddur. Xarici Legion
Fransa Quru Qoşunlarının tərkibində rəsmi hərbi birləşmədir və onun
əməliyyatları birbaşa Fransa dövlətini təmsil edir.
Buna qarşılıq, “etibarlı operatorlar” Fransaya maraq dairəsində
olan münaqişələrdə – xüsusilə də yüksək siyasi risk daşıyan
zonalarda – hüquqi və ictimai-siyasi məsuliyyəti minimuma
endirməklə iştirak imkanı yaradır. Bu, müasir beynəlxalq
münasibətlərdə “inkar edilə bilən iştirak” (plausible deniability)
modelinin klassik nümunəsidir.
Ermənistan istiqaməti: potensial risklər
Fransa–Ermənistan münasibətlərinin son illərdə strateji xarakter
almasını nəzərə alaraq, bu mexanizmin Cənubi Qafqazda da tətbiqi
istisna edilmir. Ermənistanda müxtəlif özəl və yarımhərbi
strukturların (məsələn, VOMA) mövcudluğu məlumdur. Güclü erməni
diasporu və lobbi imkanları vasitəsilə Fransanın “etibarlı
operator”ları ilə bu strukturlar arasında əməkdaşlıq qurulması real
ssenari kimi qiymətləndirilə bilər.
Bu isə regionda hərbi balansın dəyişdirilməsi, gərginliyin süni
şəkildə artırılması və üçüncü tərəflərin dolayı müdaxiləsi
risklərini yüksəldə bilər.
Nəticədə Fransada “etibarlı operatorlar” mexanizminin
yaradılması təkcə hüquqi yenilik deyil, həm də strateji
hərbi-siyasi alətdir. Bu model Fransaya riskli münaqişələrdə rəsmi
statusdan kənar iştirak, NATO öhdəliklərindən yayınma, geosiyasi
təsir imkanlarını genişləndirmə, hüquqi və siyasi məsuliyyəti
minimallaşdırma imkanı verir.
Bu yanaşma isə beynəlxalq təhlükəsizlik sistemində özəl hərbi
aktorların rolunun artdığını və dövlətlərin klassik müharibə
anlayışından getdikcə daha çox uzaqlaşdığını bir daha nümayiş
etdirir.


