
Avropada yaşamaq ilbəil çətinləşdiyi üçün qədim qitənin sakinləri, xüsusilə təqaüdçülər daha ucuz ölkə axtarışına çıxıblar. Ərzağın qiymətinin sürətlə artması, kirayə evlərin bahalaşması avropalıları çətin duruma salıb.
Metbuat.az xəbər verir ki, nisbətən az pulla yaxşı yaşamaq istəyən avropalılar artıq belə bir ölkə kəşf ediblər. Söhbət sabit məkan kimi tanınan və əsrarəngiz gözəlliyi ilə turistlərin diqqətini cəlb edən Şimali Makedoniyadan gedir.
Xarici KİV-in yazdığına görə, Şimali Makedoniya Avropanın ən ucuz ölkəsidir. Orada kirayə haqqı digər Avropa ölkələri ilə müqayisədə iki-üç dəfə aşağıdır. Nəqliyyat və qida məhsullarının qiyməti də çox aşağıdır. Şimali Makedoniyada elə məkanlar var ki, iki nəfər 10 dollara nahar edə bilir. Xidmət sektoru inkişaf etdiyi üçün müştəri məmnuniyyəti əsas götürülür.
Şimali Makedoniyanın bir üstünlüyü isə Avropanın əksər ölkələri ilə viza rejimini ləğv etməsidir. Bir çox Avropa ölkələrinin vətəndaşları Şimali makedoniyada 90 gün qala bilərlər. Bu hüquq cibində Türkiyə pasportu gəzdirən insanlara da şamil olunur.


