Böyük Britaniyada terrorla bağlı həbslərin sayı bir il ərzində 660 faiz artıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada “Palestine Action” adlı etiraz qrupuna dəstək
göstərilməsi ilə əlaqədar terrorla bağlı həbslərin sayı bir il
ərzində 660 faiz artıb.

Trend “The
Independent”ə istinadla xəbər verir ki, İsrailin Fələstindəki hərbi
əməliyyatlarına qarşı çıxan bu qrup cari ilin iyul ayında terror
qanunvericiliyi çərçivəsində qadağan edilib. Qadağadan sonra
yüzlərlə insan “Soyqırımına qarşıyam, “Palestine Action”u
dəstəkləyirəm” yazılı plakatları ilə etiraz aksiyaları keçirib.
Qanunvericiliyə əsasən, bu cür ifadələr artıq terror fəaliyyəti ilə
əlaqəli cinayət hesab olunur.




Hökumət tərəfindən dərc edilən statistikaya əsasən, sentyabr
ayına qədər olan bir il ərzində terror fəaliyyəti ilə bağlı
ümumilikdə 1886 nəfər saxlanılıb. Onlardan 1630 nəfəri, yəni 86
faizi “Palestine Action”a dəstək göstərilməsi ilə əlaqələndirilir.
Əvvəlki ildə terrorla bağlı həbslərin ümumi sayı 248 nəfər təşkil
edib.