“Fitch” Azərbaycanda cari hesab profisiti ilə bağlı proqnozlarını verib

Baş səhifə

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2028-ci ilədək
Azərbaycanda cari əməliyyatlar hesabının profisitinin tədricən
azalacağını və ümumi xarici borcun ÜDM-dəki payının daha da
kiçiləcəyini proqnozlaşdırır.

Trend bu barədə
“Fitch”ə istinadən məlumat verir.

Agentliyin proqnozlarına görə, ölkədə cari hesab profisiti
2025-ci ildə ÜDM-in 4,5%-ni təşkil edəcək, 2026-cı ildə 3,6%-ə,
2027-ci ildə isə 3,4%-ə enəcək.




“Fitch” həmçinin Azərbaycanın ümumi xarici borcunun da azalmaqda
davam edəcəyini – 2025-ci ildə ÜDM-in 21,1%-indən 2026-cı ildə
19,4%-ə, 2027-ci ildə isə 18,4%-ə enəcəyini gözləyir.

“2025-ci ilin 11 ayında real ÜDM illik ifadədə 1,6% artıb,
bununla yanaşı neft sektorunda 1,8% azalma, qeyri-neft
iqtisadiyyatında isə 3,2% artım müşahidə olunub. 2025-ci ilin 9
ayında neft hasilatı 20,7 milyon ton təşkil edib (orta hesabla günə
təxminən 570 min barrel). “Fitch” 2027-ci ilədək neft hasilatının
günə 565 min barrelə enəcəyi gözləyir. 2025-ci ilin 9 ayında təbii
qaz hasilatı 38,2 milyard kubmetrə çatıb, ən yüksək hasilatın isə
2025-ci ilə təsadüf edəcəyi gözlənilir”,- deyə agentliyin
hesabatında bildirilir.

Qeyd edək ki, “Fitch” Azərbaycan üzrə ÜDM artımı proqnozunu
2025-ci il üçün 3,5%-dən 1,8%-ə endirib, 2026–2027-ci illər üçün
isə artımın 2,4% səviyyəsində olacağı proqnozlaşdırılır.