İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd olunur (FOTO)

Baş səhifə

Bakı. Trend:

İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə
birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25
illiyi münasibətilə yubiley tədbiri təşkil olunub.

Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsindən məlumat verilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, memarlıq və mədəniyyət
sahəsinin tanınmış şəxsləri, ictimai xadimlər və media
nümayəndələri iştirak edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin
sədri Rüfət Mahmud tədbirdə çıxış edərək dekabrın 2-də bu unikal
irs nümunəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil
edilməsinin 25 ili tamam olduğunu, yubileyin təkcə əlamətdar tarix
deyil, eyni zamanda görülən işlərə nəzər salmaq, əldə olunan
nəticələri qiymətləndirmək üçün mühüm fürsət olduğunu vurğulayıb.
“UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək hər bir ölkəyə
göstərilən nadir və yüksək etimad nümunəsidir, çünki bu siyahıya
müstəsna ümumbəşəri dəyərə malik mədəni irs obyektləri salınır.
İçərişəhər insan yaradıcılığının dahiliyinin görkəmli nümunəsi və
müxtəlif tarixi dövrləri, mədəni təsirləri özündə birləşdirən nadir
şəhərsalma məkanı kimi beynəlxalq səviyyədə tanınıb”-deyə sədr
bildirib.

Çıxışında Rüfət Mahmud xüsusi olaraq vurğulayıb ki, İçərişəhərin
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Ümummilli Lider
Heydər Əliyevin prezidentliyi dövründə, onun milli-mədəni irsin
qorunmasına göstərdiyi xüsusi diqqət və uzaqgörən siyasəti
nəticəsində mümkün olub. O, əlavə edib ki, bu gün də İçərişəhərin
qorunması və inkişafı istiqamətində işlər Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın diqqət və qayğısı ilə ardıcıl şəkildə davam
etdirilir.




Tədbirdə çıxış edən rəsmi qonaqlar İçərişəhərin tarixi şəhər
kimi qorunması, mədəni turizm mərkəzi kimi inkişaf etdirilməsi və
gələcək nəsillərə estetik görünüşünün bütöv şəkildə ötürülməsinin
vacibliyi vurğulayıb. Qeyd olunub ki, İçərişəhərin qorunması yalnız
ayrı-ayrı abidələrin saxlanılması deyil, həm də burada formalaşmış
həyat tərzinin, ənənələrin və tarixi şəhər mühitinin davamlılığını
təmin etməkdən ibarətdir.

Bakının tarixi mərkəzi olan İçərişəhər minilliklər boyu
formalaşmış zəngin mədəni irsi, unikal şəhərsalma quruluşu və nadir
memarlıq nümunələri ilə seçilir. Xəzər dənizi sahilində yerləşən və
22 hektar ərazini əhatə edən bu qədim yaşayış məkanı orta əsrlər
Azərbaycan şəhər mədəniyyətinin günümüzədək qorunub saxlanılmış
nadir nümunələrindəndir.

Məhz bu tarixi-memarlıq bütövlüyü, autentikliyi və universal
dəyəri nəzərə alınaraq, İçərişəhər 2000-ci ildə UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Sonda bu əlamətdar hadisənin 25 illiyi münasibətilə beynəlxalq
tərəfdaşlarımız tərəfindən ünvanlanmış təbrik videoları nümayiş
olunub.

Yubiley musiqili proqram ilə davan etdirilib.