3 böyük xəstəxana yenidən qurulacaq

Baş səhifə

“Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır”.

Metbuat.az-ın məlumatına görə, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

V.Qurbanov qeyd edib ki, sözügedən fəaliyyət çərçivəsində istismara yararsız vəziyyətdə olan binaların yenidən qurulması, modul tipli tibb məntəqələrinin quraşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi üçün zəruri işlər görülür:

“Hazırda Nərimanov Tibb Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və Respublika Klinik Xəstəxanasının əsaslı yenidən qurulması işləri davam edir. Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmiri başa çatıb və istifadəyə verilib. Bakı şəhərində yerləşən 50 tibb müəssisəsində rentgen və flüoqrafiya otaqlarında, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçirilir”.

İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasında ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi istiqamətində Bərdə rayonu ərazisində kənd həkim və tibb məntəqələrinin modul tipli avadanlıq və inventar daxil olmaqla quraşdırılması işləri icra olunur.

O, eyni zamanda qeyd edib ki, 28 saylı Şəhər Poliklinikasının əsaslı təmiri, eləcə də 132 tibb müəssisəsində rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işlərinin aparılması planlaşdırılır:

“Qubadlı rayonu ərazisində sendviç-panel konteyner – modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılan layihələrdəndir. Eləcə də Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, eləcə də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmiri və yenidən qurulması icra olunacaq əsas layihələr sırasındadır”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.