
Bakı. Trend:
Amnistiya tətbiq edilən şəxslərin əhatə dairəsi
müəyyənləşib.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə
amnistiya elan edilməsi haqqında” Milli Məclisinin Qərar
layihəsində öz əksini tapıb.
Qərar layihəsinə əsasən, təyin edilmiş cəzanın
müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzasından azad
ediləcəklər:
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün
qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən
müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş
antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu
əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin
yaxın qohumları; - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün
qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən
müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş
antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi
xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə
təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada
orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); - bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi
dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi
təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş
şəxslərin yaxın qohumları; - Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya
xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; - 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə,
terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan
deportasiya olunmuş şəxslər; - 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin
Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından
məcburi köçkün düşmüş şəxslər; - 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları; - Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı
Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya
sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin
vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya
xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; - İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə
iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı
Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə
müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin
bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin
yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə
təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada
orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); - keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan
səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və
onların yaxın qohumları; - Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər
və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə
nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa); - qadınlar;
- cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;
- bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;
- bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının
61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; - öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud
orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə
mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və
himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən
olunmuş şəxslər.
Yuxarıda nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı
məhkumlar da cəzadan azad ediləcəklər:
- yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə
görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş
şəxslər; - böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə
müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş
şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5
ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş şəxslər; - ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq
olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş
şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş
müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə
mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan
şəxslər; - ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq
olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş
şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin
edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar
qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan
şəxslər; - intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum
edilmiş şəxslər; - azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş
şəxslər; - hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş
şəxslər; - islah işləri cəzasına məhkum edilmiş şəxslər;
- ictimai işlər cəzasına məhkum edilmiş şəxslər;
- əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş
şəxslər; - böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə
əsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər,
habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan
miqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tetbiq
edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan
artıq olmayan şəxslər; - böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət
törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum
edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad
edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış
şəxslər; - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum
edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad
edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış
şəxslər.
Yuxarıda nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı
məhkumların cəzası 6 ay azaldılacaq:
- az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək
çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər; - ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş
5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar
qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan
şəxslər.
Bu Qərar amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş
hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə
minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti
məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq
vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi
günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə
minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq
ediləcək. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittiham
hökmlərinin və ya digər qərarların qanuniliyinin, əsaslılığının və
ya ədalətliliyinin yuxarı instansiya məhkəmələrində
mübahisələndirilməsinə mane olmayacaq.
Bu Qərar Azərbaycan Respublikasında tanınan xarici
dövlətlərin məhkəmələrinin hökmləri ilə məhkum edilmiş və cəzasını
Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil
ediləcək.
Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və
hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə
çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş
qaydada həll ediləcək.
Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən
vərəm xəstəliyinə tutulmuş şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış
yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınacaq
və müalicələrini davam etdirəcəklər.
Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi
xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində
amnistiya tətbiq edilməsinə dair materiallara 4 ay müddətində
baxılmalı, psixiatriya stasionarlarında məcburi müalicə
təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə
məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə
ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya
müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll
edilməli, məcburi ambulatoriya müşahidəsi və psixiatr
müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq
cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş
qaydada 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb
müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam
etdirilməlidir.
Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının
müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən
onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə
alınmaqla hesablanacaq.
Bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq
cəza çəkməkdən azad edilən şəxslərin sosial
adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün
zəruri tədbirlər görülməlidir.
Amnistiya tətbiq edən orqanlar bu Qərar qüvvəyə mindiyi gündən
dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.
Qərar layihəsi səsverməyə qoyularaq bir
oxunuşda qəbul edilib.


