Avropa Parlamentinin qətnaməsinin əsl səbəbi anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə qarşı çirkin kampaniyasıdır – Millət vəkili

Baş səhifə

Bakı. Trend:

Biz növbəti dəfə Avropa Parlamentinin Azərbaycanın daxili
işlərinə qarşı yönəlmiş, heç bir hüquqi əsası olmayan qərəzli və
siyasiləşmiş addımının şahidi olduq. Dünən həmin qurumda
Azərbaycanla bağlı dinləmələr təşkil olundu, əgər o kağız parçasına
qətnamə demək olarsa, qətnamə qəbul edildi.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Kamran Bayramov parlamentin bugünkü plenar
iclasında deyib.

Millət vəkilinin sözlərinə görə, Avropa Parlamenti illərdir ki,
Azərbaycanı hədəf seçərək, “demokratiya”, “insan hüquqları” və
“qanun aliliyi” pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır:

“Lakin, biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əsl
səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə,
regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı
apardığı çirkin kampaniyadır.

Bu Qətnamədə yer almış iddialar tamamilə uydurma və yalan
məlumatlara əsaslanır. Azərbaycanda qanun aliliyi tam təmin olunub
və heç kim öz peşə fəaliyyətinə və ya siyasi baxışına görə təqib
edilmir. Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını
“repressiya” kimi qələmə vermək, beynəlxalq hüquqa və müstəqil
məhkəmə sistemimizə hörmətsizlikdən başqa bir şey deyil.

Burada söhbət təkcə Avropa Parlamentinin fəaliyyətindən getmir,
özünü dünyaya “demokratiyanın mayakı” və “insan haqlarının qalası”
kimi təqdim edən bu qurumun daxili çürüməsindən, mənəvi iflasından
gedir. İllərdir ki, bizə “Avropa dəyərləri”ndən mühazirə oxuyanlar,
başqa dövlətlərə şəffaflıq dərsi keçənlər, əslində pərdə arxasında
nə ilə məşğuldurlar? Cavab sadə və aydındır: Siyasi alver və
rüşvətxorluqla”.

Deputat vurğulayıb ki, son dövrlərdə Avropa Parlamentində baş
vermiş korrupsiya qalmaqalları göstərdi ki, bu ikili standartlar
maşınının vitse-prezidentləri belə, çantalar dolusu nağd pulla ələ
alınır. Bu, sadəcə bir neçə nəfərin xətası deyil. Bu, sistemin
özünün rüşvətə nə qədər açıq olduğunun sübutudur.

“Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya
bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq
silkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətini
idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir
qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır.

Onlar üçün korrupsiya, yalnız öz maraqlarına xidmət etməyəndə
“problem” olur. Amma öz ciblərinə axan milyonlara gəldikdə, buna
“diplomatiya” və ya “əməkdaşlıq” adı qoyurlar. Bu isə o deməkdir
ki, Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır.

Ona görə də, Avropanın siyasi alver, süni fəaliyyət və saxta
qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diqtə
etməyə haqqı belə yoxdur”, – deyə o fikrini tamamlayıb.