AİB Bakı Metropoliteninin rəqəmsallaşdırılması üçün kredit ayrılmasını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Bakı Metropoliteninin siqnalizasiya
sistemlərinin modernləşdirilməsi və əməliyyatların
rəqəmsallaşdırılması layihəsini dəstəkləmək üçün 150,2 milyon ABŞ
dolları məbləğində kredit ayırmağı nəzərdən keçirir.

Trend bu barədə
AİB-ə istinadən xəbər verir.

Layihə metropolitenin əməliyyat sistemlərinin
rəqəmsallaşdırılmasına yönəlib, xüsusilə qatar hərəkətinin idarə
edilməsi və sərnişin məlumatlandırılmasına diqqət yetirilir, bankın
məlumatında qeyd olunub.




“AİB layihənin Bakı Metropoliteninin həm əməliyyat, həm də
maliyyə göstəricilərini yaxşılaşdıracağını proqnozlaşdırır”, – deyə
bank əlavə edib.

Bu təşəbbüs həmçinin ictimai nəqliyyata yönəlmiş şəhər mobilliyi
sisteminin yaradılmasına töhfə verəcək, bu da əhalinin artımı və
şəxsi avtomobillərin çoxalması səbəbindən yaranan nəqliyyat
sıxlığını azaltmağa imkan verəcək.

Qeyd edək ki, 31 dekabr 2024-cü il tarixinə AİB Azərbaycana
ümumilikdə 4,4 milyard ABŞ dolları məbləğində 71 kredit, qrant,
zəmanət və texniki yardım ayırıb. Hazırda AİB-in Azərbaycandakı
suveren portfeli iki kredit və bir suveren zəmanəti əhatə edir,
ümumi məbləği isə 613,68 milyon ABŞ dollarıdır.