
Bakı. Trend:
“Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”
çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan
dövlətinin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin növbəti
bariz təzahürüdür”.
Bu fikirləri Trend-ə verdiyi açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov səsləndirib.
O bildirib ki, müasir dünyada güclü dövlət anlayışı yalnız
siyasi və hərbi imkanlarla deyil, həm də insan hüquqlarına,
ləyaqətinə və sosial ədalətə göstərilən münasibətlə ölçülür:
“Bu təşəbbüs göstərir ki, Azərbaycan hüquqi dövlət modelini
formalaşdırarkən milli maraqlarla yanaşı, beynəlxalq humanitar
dəyərləri də əsas prinsip kimi qəbul edir. Amnistiya qərarı ilə
dövlətin cəmiyyətə verdiyi mesaj bundan ibarətdir ki, hüquq sistemi
cəza mexanizmi olmaqla yanaşı, eyni zamanda insanı islah etməyə,
ona ikinci şans verməyə xidmət etməlidir.”
Millət vəkili vurğulayıb ki, ölkəmizdə insan hüquq və
azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritet
istiqamətlərindən biri kimi ardıcıl və sistemli şəkildə həyata
keçirilir:
“Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar real
idarəetmə praktikası ilə tamamlanır, sosial yönümlü qərarlarla
möhkəmləndirilir. Amnistiya təşəbbüsü bu baxımdan hüquqi
mexanizmlərin insan taleyinə həssas münasibətinin nümunəsidir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasət sübut edir ki, qanunun aliliyi ilə insan amili bir-birinə
zidd deyil, əksinə, bir-birini tamamlayan anlayışlardır. Dövlət
hüququ qoruyur, lakin onu vicdan və ədalət prinsipləri ilə icra
edir. Xüsusilə Vətən müharibəsində və antiterror əməliyyatlarında
iştirak etmiş şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə,
eləcə də qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara
münasibətdə fərqləndirilmiş yanaşma ədalətin ən ali formasını ifadə
edir. Bu yanaşma hüququn mexaniki tətbiqindən deyil, onun vicdanla
icrasında ifadə olunan mahiyyətinin önə çəkilməsindən qaynaqlanır.
Dövlət cəmiyyət qarşısında xüsusi xidmətləri olan şəxslərin
taleyinə həssaslıqla yanaşaraq sosial ədalətin canlı nümunəsini
ortaya qoyur. Bu amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, həm
də milli həmrəyliyi gücləndirən, cəmiyyətlə dövlət arasında mənəvi
bağları möhkəmləndirən mühüm siyasi və humanist addımdır”


