
Bakı. Trend:
15 və 17 dekabr 2025-ci il tarixlərində Azərbaycan
Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQEM) Xüsusi İşçi Qrupu və Yüksək
Vəzifəli Şəxslər Komitəsinin onlayn iclasları keçirilib.
Trend xəbər verir ki, bu
barədə XİN məlumat yayıb.
İclaslarda AQEM-ə üzv dövlətlər Müşavirə və onun məşvərətçi
orqanları çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin əsas
istiqamətlərini, etimad quruculuğu tədbirlərinə dair plan və
müvafiq konsepsiyaları, eləcə də 2026-cı il üçün nəzərdə tutulan
əlaqədar tədbirləri müzakirə ediblər.
Üzv dövlətlər həmçinin AQEM-in institusional inkişafı, o
cümlədən 6-cı AQEM Sammitinin qərarına uyğun olaraq Müşavirənin
beynəlxalq təşkilata çevrilməsi istiqamətində davam edən
transformasiya prosesi barədə fikir mübadiləsi apararaq, bu
istiqamətdə Sədrliyin fəaliyyətinə dəstəklərini ifadə ediblər.
Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası zamanı Baş katib
Azərbaycan sədrliyi dövründə 2025-ci il ərzində AQEM-in fəaliyyəti
barədə illik hesabatı üzv dövlətlərə təqdim edib.
Komitədə AQEM-in Etimad Quruculuğu Tədbirlərinin İcra Planına və
2026-cı il üçün AQEM Katibliyinin büdcəsinə dair qərarlar, eləcə də
digər prosedur qərarlar nəzərdən keçirilərək, qəbul olunub.


