
Bakı. Trend:
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olan
şəxslər təşkilatları ilə birgə həyata keçirdiyimiz ilk belə
təşəbbüsdür. Ümid edirəm ki, bu, media peşəkarları üçün təşkil
olunacaq yeganə seminar olmayacaq və siz burada faydalı biliklər
əldə edəcəksiniz.
Bunu Trend-ə
açıqlamasında bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilən “Mediada inklüziv
dildən istifadənin təşviqi” mövzusunda keçirilən seminar
çərçivəsində BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi
Vladanka Andreyeva bildirib.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olan
şəxslərin hüquqlarını qoruyan təşkilatlarla birgə media peşəkarları
üçün seminar və təlimlərin keçirilməsindən məmnunluğunu ifadə
edib:
“Biz sözlərimizi əmələ çevirməyə çalışırıq və müxtəlif
qabiliyyətlərə malik hər kəsin öz potensialını tam reallaşdırması
üçün xidmətlərə bərabər çıxışının təmin olunmasını istəyirik.
Azərbaycan cəmiyyətinin bu insanları necə anladığı və qəbul etdiyi
son dərəcə vacibdir. Məhz buna görə media bu prosesdə çox mühüm rol
oynayır.
Media cəmiyyətdə inklüzivliklə bağlı düşüncə və yanaşmaların
dəyişməsində əhəmiyyətli təsirə malikdir. Siz seçdiyiniz sözlərlə
bu insanların kim olduğunu, onların hüquq və ehtiyaclarını izah
edir, təkcə siyasətçilərin deyil, həm də cəmiyyətin, adi insanların
baxışlarını formalaşdırırsınız. Bu, müxtəlif qabiliyyətlərə malik
insanların, o cümlədən uşaqların qəbul olunmasına və onlara dəstək
göstərilməsinə töhfə verir. Məhz buna görə bu seminarın təşkili
məni sevindirir”.


