
Bakı. Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası borca
görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə
təcrübəsini formalaşdıran qərar qəbul edib.
Ali Məhkəmənin Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun
vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin
tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl
məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini
birləşdirərək, həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə
faizi hesablanmasını tələb edib.
Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya
məhkəməsi də həmin mövqe iş razılaşıb, daha sonra hər iki tərəfin
kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə kassasiya qaydasında
baxılıb.
Ali Məhkəmə qərarında vurğulayıb ki, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 445.7 və 449-cu maddələrinin məzmununa görə
gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və
yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl
məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək
həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin
hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da
qanunvericiliklə qadağan edilir.
Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə
tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca
çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun
vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət
prinsipinə ziddir.
Ali Məhkəmə həmçinin bildirib ki, kassasiya instansiyasının
səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı
instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan
ibarətdir. Bu baxımdan apellyasiya instansiyasının sübutlara
verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib.
Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin
etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini
dəyişdirilmədən qüvvədə saxlayıb.


