
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri,
Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki
şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus “Ramin Nur” şadlıq
sarayında yoxlama keçirib.
AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı istehlakçı
hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin
pozulduğu məlum olub.
Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən
qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka
dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri
müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət
edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da,
istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə
pozulmasına səbəb olur.
Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları
uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum
olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu,
müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar
aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol
tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət
məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator
müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.


