
Bakı. Trend:
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya bölməsi olan “XRG” Azərbaycanın dünya üzrə aparıcı enerji resursları
ixracatçılarından biri kimi mövqeyinin möhkəmləndirilməsinə dəstək
göstərməyə hazırdır.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq şirkətdən bildirilib.
“”XRG” Azərbaycanda və bütövlükdə Xəzər regionunda inkişafı,
tərəfdaşlığa və əlavə dəyərin yaradılmasına əsaslanan yanaşma ilə
həyata keçirir. Biz Xəzəri strateji enerji habı kimi
qiymətləndiririk və burada mövcudluğumuzu genişləndirmək üçün
əhəmiyyətli potensial görürük”, – deyə şirkətdə qeyd ediblər.
“XRG”də bu il Birləşmiş Ərəb Əmirliklərində keçirilən “ADIPEC”
sərgisi çərçivəsində “ADNOC” şirkətinin beynəlxalq enerji
investisiya qolu olan “XRG” tərəfindən Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar
Cəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan
Əsas Şərtlərlə bağlı Razılaşmanın imzalandığını xatırladıblar.
“Bu razılaşma Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında
strateji enerji münasibətlərinin inkişafında növbəti mühüm
mərhələdir. “SGC”nin aktivlərinə fəaliyyətdə olan qaz hasilatı
obyektləri, həmçinin Xəzər regionunu Türkiyə vasitəsilə Avropanın
cənubu ilə birləşdirən təxminən 3 500 km uzunluğunda boru kəmərləri
şəbəkəsi daxildir. Razılaşma, eyni zamanda, Azərbaycanın etibarlı
tərəfdaş kimi rolunu gücləndirməklə ölkənin iqtisadi artımına töhfə
verə bilər. Bu cür imkanlar qaz hasilatının artırılmasına, ixrac
potensialının gücləndirilməsinə və kritik əhəmiyyətli enerji
infrastrukturunun optimallaşdırılmasına şərait yaradır. Bizim
prioritetimiz dayanıqlı inkişaf və uzunmüddətli dəyərin
yaradılmasını təmin etmək üçün sınaqdan çıxmış tərəfdaşlarla sıx
əməkdaşlıqdır”, – deyə “XRG”də bildiriblər.
“XRG”-dən bildirilib ki, şirkətin Azərbaycandakı aktivlərinə
SOCAR ilə “Abşeron” qaz-kondensat yatağında strateji tərəfdaşlıq
daxildir və “XRG” bu layihədə 30 faiz paya malikdir.
“Bundan əlavə, 2024-cü ilin may ayında SOCAR “ADNOC”dan
Əbu-Dabidəki SARB və Umm Lulu konsessiyalarında 3 faiz pay aldı. “Abşeron” layihəsi üzrə tərəfdaşlıq göstərdi ki, ciddi maliyyə
intizamının, texniki mükəmməlliyin və ümumi baxışın birləşməsi real
nəticələr əldə etməyə imkan verir və biz bu modeli Azərbaycanda və
onun hüdudlarından kənarda gələcək layihələrdə tətbiq etməyi
planlaşdırırıq.
Belə ki, tərəflər bundan öncə SARB və Umm Lulu yataqlarında
iştirak payının SOCAR-a verilməsi, həmçinin “ADNOC” şirkətinə
“Abşeron” qaz-kondensat yatağında iştirak payının satışına dair
razılıq əldə ediblər.
Bu tərəfdaşlıq uğurlu beynəlxalq əməkdaşlığın nümunəsidir və BƏƏ
ilə Azərbaycan arasında dərin və uzunmüddətli əlaqələri əks
etdirir. Nəticə etibarilə, məqsədimiz həm Azərbaycanda, həm də
bütövlükdə regionda enerji təhlükəsizliyinə, inkişafa və
innovasiyalara töhfə verəcək etimada əsaslanan möhkəm
tərəfdaşlıqlar qurmağa davam etməkdir”, – deyə “XRG”-dən qeyd
ediblər.
“XRG” həmçinin Azərbaycanın enerji balansının şaxələndirilməsi
istiqamətindəki səylərini tam dəstəklədiyini bildirib.
“Biz kapitalımızdan, texniki ekspertizamızdan və beynəlxalq ən
yaxşı təcrübələrdən istifadə etməklə qaz, kimya sənayesi və yeni
enerji növləri sahələrində uzunmüddətli strateji tərəfdaş kimi
çıxış etmək niyyətindəyik. Həm iqtisadi, həm də ekoloji dəyər
yaradan təşəbbüslərin dəstəklənməsinə sadiqik. Azərbaycan “XRG”
üçün mühüm strateji tərəfdaşdır və uzunmüddətli məqsədlərimiz
ölkənin dayanıqlı inkişaf baxışı ilə sıx şəkildə uzlaşır. Biz uzun
müddət buradayıq – investisiya qoymaq, tərəfdaşlıqlar qurmaq və
Azərbaycanın aparıcı enerji resursları ixracatçısı kimi
mövqelərinin möhkəmləndirilməsinə töhfə vermək üçün”, – deyə
şirkətdən bildirilib.
“XRG”də, həmçinin qeyd olunub ki, şirkət “ADNOC”un enerji
sektorunda altmışillik qlobal təcrübəsinə əsaslanır və bu,
tərəfdaşlara həm texniki imkanlar, həm də ölçülüb-biçilmiş
investisiya qərarları baxımından dəstək göstərməyə imkan verir.
“Bizim məqsədimiz enerji zəncirinin bütün mərhələləri üzrə – qaz
hasilatı və ixracının artırılmasından tutmuş daha səmərəli enerji
sistemləri üçün əsasların yaradılmasına qədər – yeni dəyər
mənbələrinin üzə çıxarılmasına töhfə verməkdir. Azərbaycan enerji
habı kimi mövqelərini gücləndirdikcə, “XRG” dayanıqlı, etibarlı və
transformasiyaedici inkişafın təmin edilməsinə yönəlmiş etibarlı və
fəal tərəfdaş olaraq qalacaq”, – deyə şirkətdə vurğulanıb.


