Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,5 milyard dollara çatıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasında
ticarət əməliyyatlarının həcmi 4,508 milyard ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 129,8 milyon ABŞ dolları və ya 3% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 10,11%-i həcmində olub. Bununla da
sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya 1,088
milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 0,3% çoxdur.

Hesabat dövründə Rusiyaya ixrac olunan məhsulların 1,079 milyard
manatını qeyri-neft məhsulları təşkil edib ki, bu da illik
müqayisədə 10,780 milyon dollar və ya 1% çoxdur.

Dövr ərzində Rusiyaya qeyri-neft məhsulları ixracı ümumi ixraca
nisbətən 32,52% paya malik olub. Bu göstərici ilə Rusiya
Azərbaycanın ən böyük qeyri-neft məhsulları alıcısı olub.




Hesabat dövründə Rusiyadan Azərbaycana isə 3,420 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 126 milyon ABŞ dolları və ya 3,8%
artım deməkdir. Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ən
çox məhsul idxal etdiyi ölkələr sırasında 2-ci pillədə
qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan
xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804
milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilin
eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275
milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon
kubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-ə
bərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici
ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və
ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.