İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfə
terapevt müayinəsindən keçməsi tövsiyə olunur.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi
“Instagram” hesabında keçirilən canlı yayım zamanı Elmi-Tədqiqat
Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, bu müayinə çərçivəsində ümumi qan və sidik
analizləri, arterial təzyiqin ölçülməsi, qanda qlükoza səviyyəsinin
yoxlanılması, lipid profili, bədən kütlə indeksinin hesablanması
aparılmalıdır:

“Yaşdan və risk faktorlarından asılı olaraq,
elektrokardioqrafiya, qaraciyər və böyrək funksional testləri,
həmçinin göz və diş müayinələri məsləhət görülür. Qadınlarda
ginekoloji, kişilərdə uroloji profilaktik müayinələr mütləqdir.
Əslində özümüzü yaxşı hiss etsək belə, bəzi xəstəliklər illərlə
simptomsuz gedə bilər. Ona görə də ildə bir dəfə ümumi yoxlanışdan
keçmək məsləhətdir”.

V.Məmmədova bildirib ki, bəzən bir çox xəstəliklərin əlamətləri
nəzərə çarpmadığından artıq son həddə çatanda həkimə müraciət
edilir:




“Bu isə çətin olmaqla yanaşı, həm də gecikməyə səbəb olur. Elə
buna görə də xəstəlik getdikcə irəliləyir və sağalma ehtimalı
azalır. Buna görə də müayinələrdən vaxtlı-vaxtında keçmək çox
əhəmiyyətlidir”.

Terapevt vurğulayıb ki, müayinələrdən əvvəl əməl edilməli olan
bəzi göstərişlər də var:

“Xəstələr müayinəyə acqarına gəlməlidirlər, çünki onu müayinə
edəndə, hansısa bir şikayətə uyğun analiz tələb oluna bilər. Öd
kisəsi, öd yolları və mədəaltı vəzin acqarına müayinəsi daha
rahatdır. Xəstə qidalanıb müayinəyə gələndə bəzi detallar
sonoqrafik müayinədə gözdən qaça bilər”.

V.Məmmədova sonda qeyd edib ki, vaxtında müayinədən keçmək
orqanizmin müdafiə gücünü də artırır:
“Hazırda sağlamlığa nəzarətin əsas sınanmış üsulu vaxtaşırı
profilaktik yoxlanışlardan keçib, həkimin verdiyi təlimatları
yerinə yetirməkdir. Zamanında edilən tibbi müdaxilə xəstənin
xilasına səbəb olur”.