Azərbaycan və İsrail çoxtərəfli formatda birgə layihələr həyata keçirə bilərlər – Zeev Elkin (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İsrail çoxtərəfli formatda birgə layihələr həyata
keçirə bilərlər.

Bunu Bakıda səfərdə olan İsrail Dövlətinin Maliyyə Nazirliyində
Şimal və Cənubun Bərpasına cavabdeh nazir, Azərbaycan–İsrail Birgə
Komissiyasının həmsədri Zeev Elkin Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Birgə layihələrin çoxtərəfli formatda da reallaşdırılması üçün
potensial görürəm. Məsələn, Qazaxıstanın iştirakı ilə üçtərəfli
layihələr həyata keçirə bilərik. İsrail öz növbəsində layihələrə
texnoloji baxımdan töhfə verə bilər.

Məsələn, kənd təsərrüfatı sahəsində İsrailin “nouhau”su,
Azərbaycanın investisiya imkanları, Qazaxıstanın torpaq və insan
resursları, eləcə də kənd təsərrüfatı məhsullarına böyük tələbat
olan Çində istehsal imkanlarını birləşdirən birgə layihələr həyata
keçirmək olar. Belə dördtərəfli model çox maraqlı ola bilər, çünki
hər bir ölkə digərində olmayan resursu təqdim edir və əməkdaşlıq
sinerjisi yaranır. Buna görə də ikitərəfli münasibətlərin
hüdudlarından kənara çıxan geosiyasi imkanlar görürəm”, – deyə o
qeyd edib.

Birgə hökumətlərarası komissiyanın növbəti iclasının mümkün
vaxtlarına toxunan Elkin bildirib ki, bu məsələ Azərbaycan
iqtisadiyyat naziri Mikayıl Cabbarovla müzakirə olunub.

“Görüşdə hökumətlərarası komissiyanın irəlilədilməsi mexanizmini
ətraflı müzakirə etdik və növbəti iclasın 2026-cı ilin ikinci
yarısında Bakıda keçirilməsini planlaşdırdıq. Eyni zamanda,
komissiya protokoluna daxil edilmiş məsələlərin icrasının
səmərəliliyini artıracaq müəyyən mexanizmin təşəbbüsünü də
razılaşdırdıq. Komissiyanın rəhbərləri olaraq razılaşmaların icra
prosesini izləmək məqsədilə aramızda rüblük “Zoom” konfranslarının
keçirilməsi barədə razılığa gəldik. Bu mexanizm 2026-cı ildən
etibarən tətbiq olunacaq”, – deyə Elkin bildirib.

Nazir həmçinin vurğulayıb ki, İsrail şirkətləri arasında
Azərbaycana investisiya qoyuluşuna maraq getdikcə artır.

“İşgüzar səfərlərin intensiv xarakteri, hökumətlərin iqtisadi
əlaqələrin inkişafına göstərdiyi maraq biznes strukturları üçün
özlüyündə əlamətdardır. Onlar Azərbaycanda əlverişli mühit
görürlər, Azərbaycan hakimiyyətinin İsrail şirkətlərinə və İsraillə
dialoqa müsbət yanaşdığını görürlər. Təxminən 2026-cı ilin yanvar
ayının sonunda İsrailin xarici işlər naziri Gideon Saarın
Azərbaycana səfəri planlaşdırılır. Biznes əlaqələrinin
genişləndirilməsi üçün platforma yaratmaq məqsədilə səfəri böyük
biznes nümayəndə heyətinin müşayiət edəcəyi gözlənilir”, – deyə o
bildirib.

İki ölkə arasında enerji sahəsində əməkdaşlığa toxunan Elkin,
xüsusilə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) İsrailin qaz
sənayesində iştirakına dair əldə olunmuş razılaşmaların
əhəmiyyətini vurğulayıb.




“SOCAR İsrailin ən iri qaz yataqlarından biri olan “Tamar”da
səhmlərin 10 faizini əldə edib və beynəlxalq konsorsium
çərçivəsində İsrailin dəniz iqtisadi zonasının bəzi ərazilərində
qaz axtarışları aparmaq üçün tənzimləyici icazə alıb. Bu,
münasibətlərimizə çox ciddi təkan verib. Bütün tənzimləyici
icazələrin çox qısa müddətdə verilməsi İsrailin Azərbaycanla
münasibətlərə verdiyi önəmi göstərir”, – deyə nazir qeyd edib.

Elkin eyni zamanda qeyd edib ki, iki ölkə “yaşıl enerji”
sahəsində də əməkdaşlıq edə bilər.

“Bir çox İsrail şirkəti məhz günəş enerjisi sahəsində
texnologiyaların tətbiqi ilə məşğuldur – həm İsrail daxilində, həm
də digər ölkələrdə. Düşünürəm ki, məhz texnologiyalar baxımından
təcrübəmizi Azərbaycanla bölüşə bilərik”, – deyə Elkin
bildirib.

Nazir həmçinin, çətin dövrlərdə Azərbaycan–İsrail strateji
tərəfdaşlığının davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Ölkəmiz müharibə dövründə çox çətin iki il yaşadı. Belə anlarda
dostlar tanınır. Bu iki il ərzində Azərbaycanla İsrail arasında
dostluq münasibətləri davam etdi, enerji resurslarının tədarükü ilə
bağlı bütün öhdəliklər yerinə yetirildi, ikitərəfli aviareyslər
davam etdi; təhlükəsizlik məqsədilə müəyyən müddətlərə dayandırılsa
belə, qısa vaxt ərzində bərpa olundu. Azərbaycan və İsrail strateji
tərəfdaşdır. Son illərdə İsrail ilə Azərbaycan arasında ticarət
dövriyyəsi müharibəyə baxmayaraq çox sürətlə artmaqdadır”, – deyə o
qeyd edib.

Bundan əlavə, Elkinin sözlərinə görə, iki ölkənin xalqları
arasında möhkəm əlaqə körpüsü qurulub.

“Azərbaycanda böyük yəhudi icması yaşayır, İsraildə isə
Azərbaycandan olan geniş bir icma mövcuddur; onların
nümayəndələrini bu gün İsrail siyasətində, iqtisadiyyatında və
bələdiyyə idarəçiliyində hər yerdə görmək mümkündür. Mən həmçinin
bu gün İsrail dövlətinin keçmiş Sovet İttifaqı ərazisindəki yəhudi
icmaları ilə iş aparan “Nativ” təşkilatına cavabdehəm. Azərbaycanda
icma rəhbərləri ilə görüşürəm. Fürsətdən istifadə edərək, Prezident
İlham Əliyevə, Azərbaycan hökumətinə Azərbaycandakı yəhudi icmasına
göstərilən dəstəyə və son dərəcə müsbət münasibətə görə dərin
təşəkkürümü bildirmək istəyirəm.

Adətən hansısa ölkəyə səfər edəndə yəhudi icmaları özlərinin
həll edə bilmədikləri məsələləri qaldırmağımı xahiş edirlər. Lakin
Azərbaycana səfər çərçivəsində belə müraciətlər ümumiyyətlə olmadı
— burada, Bakıda, hər şey yerində həll olunur. İsrail tərəfinin hər
hansı yardımı və ya müdaxiləsinə ehtiyac yoxdur. Bu da Azərbaycanın
yəhudi icması ilə ölkə rəhbərliyi arasında mövcud münasibətlərin
səviyyəsindən çox şey deyir. Biz bunu çox yüksək qiymətləndiririk
və belə bir dəstəyə görə səmimi minnətdarlığımızı bildiririk”, –
deyə nazir yekunlaşdırıb.