TRACECA və UNECE Bakıda multimodal nəqliyyatın rəqəmsal transformasiyasını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

TRACECA Hökumətlərarası Komissiyası və BMT-nin Avropa üçün
İqtisadi Komissiyası (UNECE) Bakıda multimodal nəqliyyatın
rəqəmsallaşdırılması məsələsini müzakirə ediblər.

Trend
TRACECA-ya istinadən xəbər verir ki, müzakirələr Ticarətin
Asanlaşdırılması və Nəqliyyat İnfrastrukturu Potensialının
Artırılması üzrə 20-ci Beynəlxalq Seminar çərçivəsində baş
tutub.

“Seminar UNECE tərəfindən TRACECA Hökumətlərarası Komissiyasının
Daimi Katibliyi ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi
ilə təşkil olunub.

Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Tacikistan, Moldova, Özbəkistan, Ukrayna və Türkmənistan
nümayəndələri, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya Ölkələrinin
İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Proqramı (SPECA) çərçivəsində dəvət
olunmuş ekspertlər iştirak ediblər.

Seminar UN/CEFACT standartlarından istifadə etməklə multimodal
məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasına fokuslanıb və
Transxəzər Nəqliyyat Dəhlizinin inkişafını əhatə edib”, – məlumatda
qeyd olunub.

TRACECA-nın məlumatına görə, seminarın əsas məqsədi ölkələrin
ticarət və nəqliyyatın sadələşdirilməsi üçün rəqəmsal həlləri
həyata keçirmək imkanlarını gücləndirmək, həmçinin multimodal
tədarük zəncirlərində informasiya sistemlərinin uyğunluğunu təmin
etmək üçün BMT standartlarının tətbiqinin praktik aspektlərini
müzakirə etmək olub.

Məlumatda bildirilir ki, seminar Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, UNECE, TRACECA
Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Ümumdünya Gömrük
Təşkilatının (ÜGT) Avropada Potensialın Artırılması üzrə Regional
Ofisinin Direktorunun təbrik nitqləri ilə açılıb.

TRACECA-nın məlumatına görə, TRACECA Hökumətlərarası
Komissiyasının Daimi Katibliyinin Baş Katibi Asset Assavbayev
beynəlxalq nəqliyyatın səmərəliliyi və dayanıqlığının
artırılmasında rəqəmsallaşdırmanın əsas rolunu vurğulayıb. O, bu
istiqamətin TRACECA Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəqəmsal
Konsepsiyasında əks olunduğunu və təşkilatın fəaliyyət prioriteti
olduğunu qeyd edib.




“UN/CEFACT standartlarının ölkələr və nəqliyyat növləri arasında
rəqəmsal həllərin uyğunluğu və qarşılıqlı tanınması üçün əsas rol
oynadığı xüsusilə vurğulandı.

Rəqəmsal nəqliyyat həllərinin inkişafı maraqlı tərəf olan
ölkələr, dəmir yolu idarələri və beynəlxalq təşkilatların birgə
səylərini, həmçinin UN/CEFACT standartlarının istifadəsini və
elektron məlumat mübadiləsinin mərhələli tətbiqini tələb edir”, –
Assavbayev bildirib.

İki günlük proqram çərçivəsində multimodal nəqliyyatın
rəqəmsallaşdırılması üzrə pilot layihələrin nəticələri və növbəti
addımlara həsr olunmuş bir sıra sessiyalar keçirilib. Sessiyalarda
UNECE, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi,
Ümumdünya Gömrük Təşkilatı (WCO), UN/CEFACT ekspertləri, BMT-nin
Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Beynəlxalq
Mülki Aviasiya Təşkilatı (ICAO) nümayəndələri, dəmir yolu
idarələri, limanlar, müvafiq milli orqanlar və beynəlxalq peşəkar
assosiasiyaların nümayəndələri təqdimatlar ediblər”, – deyə
məlumatda vurğulanıb.

Məlumatda qeyd olunur ki, müzakirələrdə TRACECA marşrutlarında
elektron dəmir yolu daşımaları sənədi e-CIM/SMGS, Xəzər regionunda
limanlar arasında məlumat mübadiləsi, elektron yol sənədi (eCMR)
layihələri və milli elektron platformaların inkişafı, həmçinin
nəqliyyat məlumatlarının gömrük və digər tənzimləyici İT
sistemlərinə inteqrasiyası məsələlərinə xüsusi diqqət
yetirilib.

“Sessiyalardan birində TRACECA-nın Baş katibi e-CIM/SMGS pilot
layihəsinin növbəti mərhələlərinə dair təqdimatla çıxış edib.
Təqdimatda layihənin gələcək sınaqlarının aparılması, coğrafi
əhatəsinin genişləndirilməsi, eləcə də elektron nəqliyyat
sənədlərinin daha geniş tətbiqi məqsədilə müqavilə və texniki
sazişlərin hazırlanması məsələləri əhatə olunub.

Seminar çərçivəsində, həmçinin “TRACECA nəqliyyat dəhlizinin
inkişafına verdiyi töhfəyə görə” mükafatlandırma mərasimi
keçirilib. Mərasim zamanı multimodal nəqliyyatın
rəqəmsallaşdırılması layihələrinin, o cümlədən e-CIM/SMGS pilot
layihəsinin inkişafı və tətbiqinə mühüm töhfə vermiş təşkilatların
nümayəndələri və ekspertlər təltif olunublar.

Seminarın yekununda iştirakçılar BMT standartları, xüsusilə
UN/CEFACT standartları əsasında multimodal nəqliyyatın rəqəmsal
transformasiyasının bundan sonra da təşviq edilməsinə
sadiqliklərini təsdiqləyiblər və TRACECA regionunda və SPECA
ölkələrində fasiləsiz multimodal rəqəmsal nəqliyyat dəhlizlərinin
yaradılması məqsədilə dövlət orqanları, beynəlxalq təşkilatlar və
özəl sektor arasında əlaqələndirmənin gücləndirilməsinin
vacibliyini vurğulayıblar”, – məlumatda deyilir.