
Bakı. Trend:
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında
münasibətlər son illərdə sürətlə inkişaf edən, strateji məzmun alan
və çoxşaxəli xarakter daşıyan tərəfdaşlıq nümunəsidir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev
deyib.
Onun sözlərinə görə, bu əlaqələr qarşılıqlı hörmət, suverenlik
və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulub və həm
ikitərəfli, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə
möhkəmlənir.
“İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur.
Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al
Nəhyan arasında mütəmadi görüşlər qarşılıqlı etimadın və siyasi
iradənin göstəricisidir. BƏƏ Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini daim dəstəkləyib, Azərbaycan isə Körfəz regionunda
BƏƏ-ni etibarlı tərəfdaş kimi qəbul edir. Beynəlxalq təşkilatlar
çərçivəsində də tərəflər bir-birinin təşəbbüslərinə dəstək
verirlər.”
Politoloq qeyd edib ki, bu səfər və onun çərçivəsində baş tutan
görüşlər Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
münasibətlərinin hazırkı mərhələsini və gələcək perspektivlərini
aydın şəkildə nümayiş etdirir.
“İlk növbədə, Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx
Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki
dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və
qarşılıqlı etimadın göstəricisidir. Son illər Azərbaycanla BƏƏ
arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Energetika, bərpa olunan enerji, investisiyalar,
nəqliyyat-logistika, humanitar və mədəni sahələrdə əməkdaşlıq
dinamik şəkildə inkişaf edir. Əbu-Dabidə keçirilən görüş bu
əməkdaşlığın dərinləşdirilməsi, regional və qlobal proseslərə dair
mövqelərin mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün məhz BƏƏ paytaxtında keçirilməsi Körfəz regionunun
Azərbaycan üçün artan geosiyasi və iqtisadi önəmini də vurğulayır.
Azərbaycan Orta Dəhliz və Cənubi Qafqazda sabitliyin təmin olunması
baxımından mühüm aktor kimi çıxış edir, BƏƏ isə Yaxın Şərqdə və
qlobal miqyasda güclü siyasi-iqtisadi mərkəzlərdən biridir. Bu
kontekstdə dövlət başçılarının birbaşa təmasları ikitərəfli
əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək üçün mühüm
platforma rolunu oynayır.”
A.Qarayev bildirib ki, Prezident İlham Əliyev və BƏƏ Prezidenti
Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın “Gələcəyin oyunları 2025” adlı
illik qlobal idman turnirinin açılış mərasimində birgə iştirak
etməsi isə səfərin humanitar və ictimai diplomatiya ölçüsünü ön
plana çıxarır.
“Müasir dövrdə idman təkcə yarış və əyləncə vasitəsi deyil, eyni
zamanda xalqları birləşdirən, innovasiya və texnologiyaları təşviq
edən, gənclər arasında əməkdaşlığı gücləndirən mühüm alətə
çevrilib. Azərbaycan liderinin bu cür qlobal idman tədbirində
iştirakı ölkənin beynəlxalq idman təşəbbüslərinə verdiyi dəstəyi və
dünya miqyasında fəal mövqeyini bir daha nümayiş etdirir”, – deyə o
qeyd edib.


