Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!

Baş səhifə

Bakı. Trend:

Uşaq evində böyümüşəm. 25 yaşında elə uşaq evində birlikdə
böyüdüyüm Zəhra ilə evləndim. Çox alışmışdım onun varlığına, uşaq
evindən ayrıldıqda da onsuz necə qala biləcəyimə görə üzülmüşdüm.
Hər ikimiz valideynlərimizi uşaq vaxtı itirmişik. Talelərimiz
oxşardır.

Zəhra məndən fərqli olaraq, ali təhsil almışdı. Elə nikahımızdan
bir neçə gün sonra özəl şirkətlərdən birindən iş təklifi aldı. O
qədər çətinlikdən sonra ürəyincə iş tapmasına görə sevinci yerə
göyə sığmırdı. Mən isə həmişə “qara” işlərdə çalışmışam, əvvəllər
avtoyumada çalışırdım, indi isə avtomobil ustasıyam.

Ailəmdən mənə yalnız ev qalıb, daha dəqiq desək, nənəmdən. 50 kv
metrlik evin qiyməti mənim üçün misilsizdir. Pəncərələr, qapılar,
döşəmə elə nənəmin cavan vaxtından təmir olunmuşdu. Döşəmənin
üstündə gəzəndə qorxunc səslər verirdi.




Vəfatından sonra da təmir etdirməyə gücüm çatmadı. Zəhranın
artıq rəsmi işi olduğu üçün onun adına təmir üçün kredit götürdük.
Müddəti bir az uzun seçmişdik, aylıq az ödəniş etmək üçün. Bank
işçisi bizə əlavə olaraq, həyat sığortası da təklif etdi. Düzünü
deyim, birinci dəfə eşidirdim, qulağıma bir az qəribə gəldi.
Beynimdə o qədər suallar yarandı ki, işçini yordum. Bir-birimizin
üzə baxdıq, məbləğ böyük olmadığı üçün bu sığortanı götürməyi qəbul
etdik.

Neçə il idi ki, krediti ödəyirdik, bəzən mən də kömək edirdim.
Artıq övladımız da olduğu üçün vəziyyət o qədər də ürəkaçan
deyildi. Yoldaşım Zəhranın anası o uşaqikən xərçəngdən vəfat
etmişdi, çox gənc yaşında. Həmişə bu xəstəlikdən qorxardı, elə
qorxduğu da başına gəldi. Xərçəng Zəhranı 2 ay ərzində əlimizdən
aldı apardı. Göz qırpımında.

İtkilərə alışmışam, həyatımı bu cür də qəbul edirəm. Həmişə
sevdiklərimin itkisi ilə sınanmışam… Bu vəziyyətimdə hələ üstəlik
bank işçisinin mənə zəng edib krediti gecikdirdiyimi soruşması da
canımı lap sıxmışdı. Çox əsəbləşmişdim, hirsli formada vəziyyətimi
izah edirdim. Bank işçisi səbirlə mənə bir vaxtlar götürdüyümüz
həyat sığortası barədə məlumat verdi. Sən demə belə olan hallarda
həyat sığortası borcu öz üzərinə götürür. Elə qalan borcumuz həyat
sığortası tərəfindən ödənildi. Düzdü, Zəhranı itirmək mənə çox pis
təsir edib, hələ də özümə gələ bilmirəm, Bir də üstünə maddi
çətinlik gəlsəydi, halım betər olardı.