
Abbas Abbasovun “Ramiz Mehdiyev işi” ilə bağlı axtarışa verildiyi deyilir
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun “Ramiz Mehdiyev İşi” ilə bağlı axtarışa verildiyi deyilir.
Hakimiyyətə yaxın medianın yazdığına görə, Abbas Abbasov Dövlət Təhlükəsizlik Xidmətində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə istintaqa cəlb olunub.
O, qanunsuz yollarla Rusiyadakı Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq və pozucu fəaliyyət aparmaqda ittiham edilir, yerli media yazıb.
Abbas Abbasovun bu ittihamlara münasibəti hələlik bəlli deyil.
Dövlət qurumları bununla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Baş nazirin keçmiş birinci müavini hazırda ölkədən kənarda olduğu üçün barəsində axtarış elan edilib, hakimiyyətə yaxın media yazıb.
Abbas Abbasov 1992-2006-cı illərdə baş nazirin birinci müavini olub.
O öz ərizəsi əsasında 2006-cı ildə tutduğu vəzifədən azad edilib.
Elə həmin il Prezident İlham Əliyev onu Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edib.
Daha sonra Abbas Abbasov Rusiyaya köçdüyü və orada yaşadığı deyilir.
O, 2012-ci ildə Rusiyada yaşayan bir neçə Azərbaycan əsilli milyarderlərin təmsil olunduğu “Rusiya-Azərbaycan Təşkilatları İttifaqı”nı təsis edib. Bu ittifaq Azərbaycan mediasında “Milyarderlər ittifaqı” kimi tanınıb. Amma sonradan Abbas Abbasov “Azerros” portalına bildirib ki, təşkilat fəaliyyətə başlamadan ləğv edilib.


