
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) üzv dövlətlərin, o cümlədən,
Azərbaycanın təbii ehtiyatları əsasında karbonun miqdarını azaldan
həllərə özəl investisiyaların sürətləndirilməsinə yönəlmiş Təbii
Materiallar Bazarının İnkişafı Platformasını yaradacaq və idarə
edəcək.
Trend bu barədə
AİB-ə istinadən xəbər verir.
Regional təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondundan
ayrılmış 1,5 milyon ABŞ dolları məbləğində qrantla dəstəklənir və
geniş ölkə spektrini əhatə edir: Əfqanıstan, Ermənistan,
Azərbaycan, Banqladeş, Butan, Brüney-Darüssalam, Kamboca, Kuk
adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan,
Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Laos,
Malaziya, Maldiv adaları, Monqolustan, Myanma, Nauru, Nepal, Niue,
Pakistan, Palau, Filippinlər, Papua–Yeni Qvineya, Çin Xalq
Respublikası, Marşall adaları, Samoa, Solomon adaları, Şri-Lanka,
Tacikistan, Tailand, Timor-Leste, Türkmənistan, Tonqa, Türkiyə,
Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam.
Platforma sürətlə böyüyən bitkilərdən və bərpa olunan bioloji
resurslardan, o cümlədən AİB-in iqlim dəyişikliyi ilə mübarizədə,
iqtisadi inkişafda və özəl sektorun artımının təşviqində mühüm alət
kimi qiymətləndirdiyi bambukdan əldə olunan təbii materialların
potensialının üzə çıxarılmasına xidmət edəcək.
AİB-in məlumatına görə, texniki yardım ekosistemlərin
qiymətləndirilməsi, pilot layihələrin yoxlanılması və miqyaslana
bilən tərəfdaşlıq platformasının yaradılması yolu ilə təbii
materiallar üzrə fəaliyyət göstərən bazarların inkişafına
yönəldiləcək. Bu yanaşma risk kapitalının cəlb edilməsinə və
regionda təbii materiallar sənayesinin inkişafının
sürətləndirilməsinə imkan verəcək.
Təşəbbüsün gözlənilən nəticəsi sənaye ilə tərəfdaşlıq əsasında
hazırlanmış regional Təbii Materiallar Bazarının İnkişafı
Platformasının yaradılması olacaq ki, bu da bazarların hazırlıq
səviyyəsini gücləndirəcək və təbii resurslara əsaslanan karbonun
miqdarını azaldan həllərə özəl investisiyaları əhəmiyyətli dərəcədə
artıracaq.


