Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq etdi

Baş səhifə

Bakı. Trend:

Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq
“E-Polis” mobil tətbiqinə inteqrasiya edildi. Bundan sonra
vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları
suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala
biləcəklər.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, yeni çat-bot
funksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis”
platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalında
istifadəyə verilib.

Yəni vətəndaşlar müxtəlif xidmətlər haqqında tez-tez ünvanlanan
suallara süni intellektin köməkliyi ilə dərhal cavab ala
biləcəklər. Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan
sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar
çat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə
izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və
müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır.




Sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarının
genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və
müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma
mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və
ehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarının
inkişaf etdirilməsi nəzərdə tutulur.

Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektron
xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək,
əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə
prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da
yüksəldilməsinə effektiv təsir göstərəcək.