Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin
və kursantlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin
xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə Trend-ə Hərbi
Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi
və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül
dəstələri qoyub, dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin
ehtiramla yad edib.

Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Bəhruz
Əhmədov çıxış edərək dövlət müstəqilliyimizin banisi, müasir
Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər
qoymasından, onun Azərbaycana rəhbərlik illərində həyatın bütün
sahələrinin intibah dövrünü yaşamasından danışıb.

Dahi Liderin bütün həyatını doğma xalqına həsr etməsi, bütün
dövrlərdə Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar
göstərməsi, milli maraqların müdafiəsi üçün öz həyatını təhlükəyə
atması xüsusi qeyd olunub. 1990-cı illərdə Azərbaycanın öz
müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə xalq
tərəfindən Ulu Öndər Heydər Əliyevin təkidlə hakimiyyətə dəvət
edilməsi, qısa vaxtda vətəndaş müharibəsinin qarşısını alması,
ölkənin suverenliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrin
ləğv olunmasını təmin etməsi, Ermənistanın Azərbaycana hərbi
təcavüzünün dayandırılması və ordu quruculuğuna start verilməsi,
güclü Azərbaycanın qurulması istiqamətində zəruri siyasi, hərbi,
iqtisadi islahatlara başlanılması əyani misallarla tədbir
iştirakçılarının diqqətinə çatdırılıb.




Ulu Öndərin 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə
baxmayaraq, Azərbaycan tarixində ilk dəfə Cəmşid Naxçıvanski adına
hərbi liseyi yaratması, bununla da Azərbaycanın hərbi gələcəyinin
əsasını qoyması, bu məktəbin məzunları və onların davamçılarının
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq
nümunələri göstərməsi ayrıca vurğulanıb.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Milli Müdafiə
Universiteti, Dövlət Sərhəd Xidməti Akademiyası və Daxili
Qoşunların Hərbi İnstitutunun rəhbər heyəti öz çıxışlarında Ulu
Öndərin Azərbaycanda dövlətçiliyin əsaslarını yaratması,
demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməlini
qoyması, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın
iqtisadi, hərbi və mədəni yüksəliş yolunu tutması, uğurlu xarici
siyasət kursu barədə geniş məlumat verilib, ordu quruculuğu
sahəsində milli siyasəti müəyyən etməsi və milli hərbi kadrların
yetirişdirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
istiqamətində gördüyü misilsiz xidmətləri qeyd edilib.

O da bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi
Qələbəsi ölkəmizin regional və qlobal mövqeyini daha da
möhkəmləndirib, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib.
Bu gün azad olunmuş torpaqlarımızda geniş bərpa və quruculuq işləri
aparan dövlətimiz dünyaya sülh mesajı verir, mütərrəqqi dəyərləri
təbliğ edir, regional və qlobal təşəbbüsləri dəstəkləyir və həyata
keçirir.

Kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil
müəssisələrində təhsil almaqdan qürur hissi keçirdiklərini
bildirib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə
sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Tədbirin sonunda “Əsrin adamı” sənədli filmi nümayiş
etdirilib.