
Bakı.Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
yaradılmasının 50 illik yubileyi münasibətilə mühüm infrastruktur
yeniliklərini özündə birləşdirən geniş tədbir keçirilib. Tədbir
çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi
ilə iki Təlim-Tədris Mərkəzinin, həmçinin Turquoise MMC-nin dəstəyi
ilə İnşaat fakültəsində “İxtisaslaşmış auditoriya”nın açılışı baş
tutub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini
ziyarət etmiş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Mərasim “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri”
fakültəsi və “Mexanika və İnformasiya texnologiyaları” fakültəsində
yeni yaradılan Təlim-Tədris Mərkəzlərində davam edib.
Rektor professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki,
universitetin 50 illik yubileyi çərçivəsində həyata keçirilən bu
layihələr gələcək mütəxəssislərin hazırlığında mühüm əhəmiyyət kəsb
edir:
“Bu mərkəzlərin açılışı AzMİU-nun yarım əsrlik yubileyinə həsr
olunmuş silsilə tədbirlərin mühüm hissəsidir. Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin rəhbərliyinə – xüsusilə Zaur müəllim
Mikayılova – göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirirəm.
Su təsərrüfatı, meliorasiya və hidrotexniki tikinti sahələrinin
bütün istiqamətləri üzrə ölkəmizdə mütəxəssis hazırlayan yeganə ali
təhsil müəssisəsi olaraq bu əməkdaşlıq bizim üçün strateji
əhəmiyyət daşıyır”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham
Bayramov, Agentlik rəhbəri cənab Zaur Mikayılovun salamlarını
tədbir iştirakçılarına çatdıraraq bildirib ki, Agentlik AzMİU ilə
əməkdaşlığı gücləndirmək niyyətindədir:
“Bu Təlim-Tədris Mərkəzlərinin yenidən qurulması bizim
əməkdaşlığımızın ilk addımıdır. Su təsərrüfatı və meliorasiya
sahəsində bəzi istiqamətlərdə mütəxəssis çatışmazlığı mövcuddur. Bu
səbəbdən AzMİU ilə əməkdaşlığın genişləndirilməsi, tələbələrin
istehsalat təcrübələrinin Agentlikdə təşkili və elmi-tədqiqat
sahələrinin birgə inkişafı xüsusi əhəmiyyət kəsb edir”.
“Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri”
fakültəsinin dekanı dossent Elgiz Həsənov yeni mərkəzin Meliorasiya
mühəndisliyi və Hidrotexniki tikinti üzrə yüksək hazırlıqlı
kadrların yetişdirilməsinə ciddi töhfə verəcəyini vurğulayıb.
“Mexanika və İnformasiya texnologiyaları” fakültəsinin dekanı
dossent Sabir Məmmədov isə fakultənin mövcud ixtisaslar haqqında
məlumat verərək Agentliklə əməkdaşlığın bu ixtisasların tədris
keyfiyyətinin artırılması üçün geniş imkanlar açdığını qeyd
edib
Dekan, həmçinin tələbələrin istehsalat təcrübələrinin Agentliklə
əməkdaşlıq çərçivəsində daha sistemli və effektiv təşkil
olunacağına ümidvar olduğunu bildirib.
Tədbirin davamı olaraq AzMİU-nun İnşaat fakültəsində yeni
“İxtisaslaşmış auditoriya”nın açılışı baş tutub. Auditoriya
Turquoise MMC-nin dəstəyi ilə müasir standartlara uyğun şəkildə
təchiz edilib və ağıllı lövhə ilə təmin olunub.
Şirkətin Baş direktoru Ali İhsan Genç görülən işlərə dair
məlumat verib və universitetlə uzunmüddətli əməkdaşlıqdan
məmnunluğunu ifadə edib.
Rektor professor Gülçöhrə Məmmədova şirkətə təşəkkür edərək
bildirib ki, Turquoise MMC ilə illərdir davam edən əməkdaşlıq
nəticəsində AzMİU-da tədris mühitinin modernləşdirilməsi
istiqamətində mühüm addımlar atılıb.
Tədbir iştirakçıları yeni mərkəz və auditoriyalarda yaradılmış
şəraitlə yaxından tanış olmuş, onların müasir avadanlıq və proqram
təminatı ilə təmin olunmasını yüksək qiymətləndirmişlər.
Açılışlardan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
ilə AzMİU arasında əməkdaşlığın daha da genişləndirilməsi,
tələbələrin təcrübə və staj proqramlarının, eləcə də birgə
layihələrin artırılması ilə bağlı müzakirələr aparılıb və ilkin
razılıq əldə olunub.


