Xarici təsirlərə açıq olan bütün qüvvələr qarşısında dövlətin mövqeyi dəyişməz qalacaq – Deputat

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın əldə etdiyi davamlı inkişaf, güclənən iqtisadi
potensial və beynəlxalq arenada qazandığı yüksək nüfuz daim bəzi
xarici dairələri ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən
ölkəmizə qarşı müxtəlif dövrlərdə çirkin informasiya, təxribat
xarakterli kampaniyalar və sabitliyi pozmağa yönəlmiş cəhdlər
həyata keçirilib.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.

Deputat vurğulayıb ki, Azərbaycan dövləti bütün bu çirkin
kampaniyalara baxmayaraq öz milli təhlükəsizliyini hər zaman
etibarlı şəkildə təmin edib və xarici dairələrin bütün destruktiv
fəaliyyətlərin qarşısını qətiyyətlə alıb.

A.Həsənova bildirib ki, Azərbaycan bundan sonra da öz
təhlükəsizliyin qətiyyətlə qoruyacaq: “Lakin təəssüfləndirici amil
ondan ibarətdir ki, bu dairələrlə eyni fikirdə olan, ölkəmizdə
satibliyi pozmaq, hakimiyyəti qanunsuz yolla ələ keçirmək istəyən
qüvvələr də mövcud olub.

Uzun illər ölkədə yüksək vəzifə tutan, siyasi proseslərdə ciddi
təsir imkanları olan Ramiz Mehdiyev, həmçinin daim radikal mövqedən
çıxış edən, anti-milli fikirlərlə ictimiayyət arasında çaşqınlıq
yaratmağa və sabitliyi pozmağa çalışan AXCP sədri Əli Kərimli və
digər bu kimi şəxslər xarici dairələrdən maddi dəstək alaraq
ölkəmizdə hakimiyyəti qanunsuz yolla ələ keçirmək kimi məkirli
planlar qurublar”.

Məlum olduğu kimi bu məkrili planlar da hər zamankı kimi iflasa
uğradı, Ramiz Mehdiyev və Əli Kərimli kimilərin məkirli planları
vaxtında ifşa edildi:

“Azərbaycan dövləti hər zaman bu kimi təhdidlərə qarşı
qətiyyətli və prinsipial mövqe sərgiləyib. Dövlətimizin
hüquq-mühafizə orqanları milli maraqlara zidd olan bütün
fəaliyyətlərin qarşısını almaq gücündədir və bunu dəfələrlə sübut
edib.

Azərbaycan bundan sonra da öz suverenliyini və təhlükəsizliyini
qətiyyətlə qorumaqda davam edəcək. Hər hansı siyasi qruplar və ya
şəxslər, hansısa motivlə ölkəmizin milli maraqlarına zidd fəaliyyət
göstərmək istəyərsə, dövlətimiz hüquqi mexanizmlər çərçivəsində
sərt və çevik tədbirlər görəcək. Bu məsələdə heç kimdə şübhə
olmamalıdır”.

Afət Həsənova vurğulayıb ki, milli maraqlar, dövlət
təhlükəsizliyi və ictimai sabitlik Azərbaycanın əsas prinsipləridir
və bu prinsiplər heç vaxt güzəştə gedilə bilməz:

“Destruktiv çağırışlarla çıxış edən, radikal mövqe tutan və
xarici təsirlərə açıq olan bütün qüvvələr qarşısında dövlətin
mövqeyi dəyişməz qalacaq.

Dövlətini və vətənini sevən hər bir vətəndaş bu cür cəhdlərə
qarşı ayıq-sayıq olmalı və ictimai sabitliyin qorunmasına öz
töhfəsini verməlidir”.