Bakı 2025-də İƏT Mədəniyyət Festivalı yaradıcı sənayelərin yeni dövrünü başlatdı

Baş səhifə

Bakı. Trend:

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” (OIC
2025) İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət,
yaradıcı iqtisadiyyat və innovasiya sahələrinin bir araya
gətirildiyi böyük beynəlxalq platformadır. Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas
məqsədi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi, regionda
yaradıcı sənayelər ekosisteminin gücləndirilməsi və qlobal
trendlərlə ayaqlaşan yeni təşəbbüslərin formalaşdırılmasıdır.

Proqrama sərgilər, panel müzakirələr, innovasiya təqdimatları,
kreativ baza fəaliyyətləri və dünyanın müxtəlif ölkələrindən olan
iştirakçıların qatıldığı xüsusi sessiyalar daxildir.

Yaradıcı Həftə: Mədəniyyət və innovasiyanın birləşdiyi
platforma

Bakı Yaradıcı Həftəsi boyunca şəhər müxtəlif istiqamətlər üzrə
tədbirlərə ev sahibliyi etdi. Yerli və beynəlxalq ekspertlərin
çıxışları, yaradıcı sənayelərin inkişaf perspektivlərinə dair panel
müzakirələri, startapların təqdimatları və CulTech (Mədəniyyət
sahəsində texnologiya sahəsi)-in xüsusi sessiyaları festivalın əsas
dinamik xəttini formalaşdırdı.

Həftə çərçivəsində keçirilən воркşoplar, rəqəmsal və tətbiqi
sənət sərgiləri, texnologiya nümayişləri və performanslar həm
yaradıcılıq mühitini canlandırdı, həm də gənclər, yaradıcı icmalar,
investorlar və dövlət nümayəndələri arasında əməkdaşlıq üçün yeni
körpülər yaratdı.

Kreativ Həftə çərçivəsində CulTech Demo Day ilə yanaşı, mədəni
innovasiyaların rolu, rəqəmsallaşma və regional kreativ ekosistemin
inkişafı mövzularında panel müzakirələri də keçirildi.

CulTech Layihəsi

CulTech – mədəniyyət və texnologiyanın kəsişməsində formalaşan
və ölkənin kreativ gəncliyini qlobal səhnəyə çıxarmağı hədəfləyən
strateji platformadır. Proqram startaplara və yaradıcı komandalara
mentorluq, investisiya əlaqələri, PR dəstəyi, brend mövqeləndirməsi
və biznes inkişafı üzrə çoxşaxəli imkanlar təqdim edir.

Layihənin məqsədi

CulTech-in əsas hədəfi innovativ biznes modellərinin inkişafını
sürətləndirmək, yerli ideyaların beynəlxalq standartlara
uyğunlaşdırılmasını təmin etmək və Azərbaycanın kreativ
ekosistemini regional səviyyədə gücləndirməkdir.

Demo Day – Yeni ideyaların təqdim olunduğu gün




9 dekabr 2025-ci ildə CulTech İnkubasiya Proqramının 4-cü
kohortunun Demo Day-i Bakı Konqres Mərkəzində uğurla baş tutdu.
İştirakçılar layihələrini investorlar, mentorlar, kreativ sənaye
liderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim etdilər.
Tədbir həm yeni əməkdaşlıqlar üçün açar rolunu oynadı, həm də
regionun innovasiya potensialını nümayiş etdirdi.

Demo Day startapları

Bir-Yer.az
xəritə əsaslı axtarış və AI tövsiyə sistemi ilə istifadəçilərə
büdcə, vaxt və tələbatına uyğun məkan seçimini bir kliklə təklif
edən platforma.

BrandedBy — brendlər üçün lisenziyalı AI avatarları və səs
texnologiyaları ilə saniyələr içində hüquqi cəhətdən təhlükəsiz
kontent yaradan SaaS həlli. Text-to-video generator və API
inteqrasiyası ilə influencer marketinqini avtomatlaşdırır.

Casting.az
aktyorlar, rejissorlar və prodüserlər üçün yaradılmış peşəkar
talent bazası. İnkişaf etmiş filtrlər vasitəsilə uyğun simaların
tapılmasını sürətləndirir.

Luhive — icmalar üçün “all-in-one” yanaşma. Tədbirlər, elanlar,
üzvlər və kontent vahid paneldən idarə edilir; AI köməkçisi və
analitika ilə qərarvermə optimallaşdırılır.

Lilitopia — 0–8 yaşlı uşaqlar üçün lokal və mədəni baxımdan
uyğunlaşdırılmış öyrədici kontent ekosistemi. Mobil tətbiqlərdən
YouTube seriyalarına, kitab və oyunlara qədər çoxsaylı IP-lər
əsasında qurulan qlobal miqyaslana bilən edutainment modeli.

Kendeget — kənd sakinləri və kiçik sahibkarların məhsul və
xidmətlərini daha geniş auditoriyaya çıxarmağa, səyahətsevərlərə
isə autentik mədəni təcrübələr təqdim etməyə imkan yaradan
platforma.

Gələcək Perspektivlər

Demo Day CulTech proqramı üçün yalnız başlanğıcdır. Startaplar
üçün yeni investisiya imkanları, beynəlxalq partnyorluqlar və
bazarlara çıxış yolları artıq formalaşmağa başlayıb.

SUP VC və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi CulTech
İnkubasiya Proqramının genişləndirilməsini, növbəti kohortların
yaradılmasını və yaradıcı sahələr üzrə qlobal əməkdaşlıq
mexanizmlərinin gücləndirilməsini hədəfləyir. Məqsəd — Azərbaycanı
regionun aparıcı CulTech mərkəzinə çevirmək və gələcək nəsillərə
dayanıqlı innovasiya mühiti təqdim etməkdir.