
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə
Xudat kəndində səyyar qəbul keçirib.
Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, qəbulda Xaçmaz rayon prokuroru Rəşad Məmmədov,
idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də Köhnə Xudat
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xudat,
Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin
sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər,
həmçinin kənddaxili yolların təmiri, qaz təchizatının bərpası və
məktəb binasının əsaslı təmiri ilə bağlı müraciətlər
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.


