AZAL AİB-nin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladı

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
(AZAL) və Asiya İnkişaf Bankı (AİB) “ESG-nin əməliyyatlaşdırılması”
(Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin
başlanması və dayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma
Memorandumu imzalayıb.

Layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və
əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli
şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və
dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə
tutur.

Memorandum “AZAL” QSC-nin prezidenti Samir Rzayev və AİB-nin
Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal tərəfindən
imzalanıb. Tədbirdə AİB-nin regional direktoru Enriko Pinali,
həmçinin AZAL və bankın nümayəndələri iştirak ediblər.

AİB tərəfindən maliyyələşdirilən texniki dəstək layihəsinin elan
olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr –
Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə
həyata keçiriləcək “ESG-nin əməliyyatlaşdırılması” layihəsi
çərçivəsində ESG prinsiplərinin əsas idarəetmə və əməliyyat
proseslərinə inteqrasiyası təmin ediləcək.

Layihə, həmçinin dayanıqlı maliyyələşdirmə və “yaşıl” aviasiya
təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmiş
layihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və
bacarıqlarının artırılması, eləcə də ən müasir ESG hesabatlılıq
sisteminin formalaşdırılmasını nəzərdə tutur.




“AİB ilə bu əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata
keçirilməsində mühüm mərhələdir. AZAL ESG təcrübələrinin tətbiqinə
və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də maliyyə
institutları ilə tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm
verir. Fəaliyyətimizi Azərbaycanın milli inkişaf məqsədləri və
qlobal çağırışlarla uzlaşdıraraq aviasiya sektorunun dayanıqlı
transformasiyasına töhfə verməkdə qərarlıyıq. Əminik ki, bu birgə
layihə maliyyə təşəbbüslərinin reallaşdırılmasına və Azərbaycanda,
o cümlədən regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan
verəcək,” – deyə “AZAL” QSC-nin prezidenti Samir Rzayev
bildirib.

“Asiya İnkişaf Bankı Azərbaycanın aviasiya sektorunda
dayanıqlılığın artırılması istiqamətində texniki dəstək göstərməklə
AZAL ilə tərəfdaşlığını genişləndirməkdən məmnundur. Bu təşəbbüs
ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərinin AZAL-ın
əsas biznes proseslərinə inteqrasiyası üzrə ortaq öhdəliyimizi əks
etdirir və aviaşirkətin dayanıqlı inkişaf hədəflərinə xidmət edir.
Beləliklə, Azərbaycanın dayanıqlı inkişaf prioritetləri naminə
yaşıl və innovativ aviasiyanın inkişafına əhəmiyyətli töhfə verməyi
qarşımıza məqsəd qoyuruq”, – deyə AİB-nin Azərbaycan üzrə ölkə
direktoru Sunniya Durrani-Camal qeyd edib.

Həmçinin AİB ilə AZAL arasında əməkdaşlığın digər istiqamətləri
də nəzərdən keçirilir. Təmiz enerji təşəbbüsləri, emissiyaların
kompensasiya olunması üzrə kreditlər, yaşıl istiqrazlar, dairəvi
iqtisadiyyat və s. kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq
perspektivləri araşdırılır.

AİB ilə bu yeni əməkdaşlıq AZAL-ın ESG strategiyasının və
“Sıfır/Sıfıra Yaxın Emissiya Planı”nın (“Net/Near Zero Emissions”)
icra olunmasında uzunmüddətli real perspektivlər yaradır. Eyni
zamanda aviaşirkət regional əlaqəliliyin gücləndirilməsi, yeni
tərəfdaşlıqların inkişafı, ESG üzrə statistik məlumatların təhlili,
iqlim risklərinin investisiya layihələrinə inteqrasiyası,
beynəlxalq standartların tətbiqinin davam etdirilməsi, həmçinin
şəffaflıq və hesabatlılığın artırılması istiqamətində mövqeyini
daha da möhkəmləndirməyi hədəfləyir.