Azərbaycan və BƏƏ rəqəmsal maliyyə həllərinin tətbiqini müzakirə ediblər

Baş səhifə
Azərbaycan və BƏƏ rəqəmsal maliyyə həllərinin tətbiqini müzakirə ediblər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında rəqəmsal maliyyə həllərinin tətbiqi müzakirə edilib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qurumun heyəti BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası çərçivəsində Dubay şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə dövlət maliyyəsinin idarə edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, institusional və texniki səviyyədə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri diqqət mərkəzində olub.

Görüşdə BƏƏ-nin Maliyyə Nazirliyinin dövlət maliyyəsinin idarə edilməsində data əsaslı qərarvermə və analitik platformaların tətbiq etməsi, dövlət sektorunda dövlət–özəl tərəfdaşlığı modelləri, elektron vergi inzibatçılığı, elektron müqavilə, xəzinədarlıq idarəetməsi və rəqəmsal platformalar üzərindən maliyyə nəzarəti mexanizmləri üzrə təqdimatlar və praktiki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Keçirilən görüşlər Azərbaycanda dövlət maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və maliyyə idarəetməsində səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.