
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsdə keçirdiyi 21 günü “cəhənnəm” kimi təsvir edib.
Modern.az xəbər verir ki, bu barədə o, “Məhbusun gündəliyi” adlı yeni kitabında yazıb. Kitabdab hissələr “Politico” nəşrində yayımlanıb. Kitabın 10 dekabrda çapdan çıxacağı gözlənilir.
Sarkozi yazır ki, təkadamlıq kamera şəraitinə uyğunlaşmaqda çətinlik çəkib və həbsxanadakı səs-küy, digər məhbusların davranışı ona psixoloji təzyiq kimi təsir edib.
O, qonşu kameradakı məhbusun “yarı zaman Kral Şir cizgi filmindən mahnılar oxuduğunu, digər yarısında isə dəmir barmaqlıqlara qaşıqla döydüyünü” qeyd edir. Sabiq prezident bir dəfə kameranın pəncərəsini açmağa çalışdığını, lakin “dərhal peşman olduğunu” yazır: “Atmosfer qorxunc idi. Cəhənnəmə xoş gəlmisiniz!”
Sarkozi kamera şəraitinin də onu qane etmədiyini bildirir, sərt döşək, plastik kimi materialdan hazırlanmış yastıqlar və keyfiyyətsiz adyallar barədə şikayət edir. O, hətta həbsxana yeməklərini də qəbul etmədiyini yazır: “Bir çox şey itirmədim. Kiçik plastik sinilərdə gətirilən yeməklər iştahaaçan deyildi. Qoxu məni ürküdürdü, verilən baget isə islanmışdı.”
70 yaşlı eks-prezident 25 sentyabrda Liviyadan gələn vəsaitlə seçki kampaniyasının maliyyələşdirilməsi işinə görə “cinayətkar qruplaşmada iştirak” maddəsi üzrə təqsirli bilinmiş, lakin 2007-ci il kampaniyasının qeyri-qanuni maliyyələşdirildiyi təsdiqlənməmişdi. Məhkəmə onu beş il həbs cəzasına məhkum etmişdi. Sarkozi 21 oktyabrda Parisin XIV dairəsindəki Santé həbsxanasında cəzasının icrasına başlamış və orada 21 gün qalmışdı.
10 noyabrda Paris Apellyasiya Məhkəməsi onun vəkillərinin müraciətini təmin edərək Sarkozinin həbsinin dayandırılması və məhkəmə nəzarətinə buraxılması barədə qərar verib. Şərtlərə əsasən, o, Fransanı tərk edə bilməz və heç bir ədliyyə naziri ilə, o cümlədən onu həbsdə ziyarət edən Jerald Darmanenlə ünsiyyətdə ola bilməz. Sentyabr hökmü üzrə apellyasiya məhkəməsinin baxışı 2026-cı ilin martında keçiriləcək.

