Göygöldə yeniyetmə atasının avtombili ilə piyadanı vuraraq öldürüb

Baş səhifə

Gəncə şəhər sakini olan 16 yaşlı yeniyetmə atasına məxsus “Hyundai” markalı avtomobillə qəza törədib.

APA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hadisə Göygöl rayonu, Yeni Qızılca kəndinin ərazisində baş verib. Maşın hərəkətdə olarkən, sərt döngədə idarəetməni itirərək yol kənarında dayanmış Feyruz Quluzadəni vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

“Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətdə aciz qalacaqlarını, bir sözlə – sonrakı peşmançılığın fayda verməyəcəyini unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və valideynlərə müraciət edərək onları övladlarının gələcəyi naminə birgə əməkdaşlığa çağırır”, – deyə müraciətdə qeyd edilb.