
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) tərəfindən dərc olunan Asiya Su
Ehtiyatlarının İnkişafı Proqnozu (AWDO) 2025 hesabatına əsasən,
region ölkələrində 2040-cı ilə qədər ölkələrin əhali sayında,
urbanizasiya səviyyəsində və iqtisadi istehsalatda müxtəlif
templərdə artım proqnozlaşdırılır.
Trend bu barədə
AİB-ə istinadən xəbər verir.
Qeyd olunur ki, Azərbaycan üzrə 2025-ci ilin səviyyəsi ilə
müqayisədə əhalinin 6,7 faiz artması, urbanizasiyanın 17 faizədək
yüksəlməsi, sənaye istehsalının 23,8 faiz artması və xüsusilə kənd
təsərrüfatında əhəmiyyətli yüksəliş – 2023-cü il səviyyəsinə
nisbətən 154,8 faiz artım gözlənilir.
“Məlumata görə, Gürcüstan üzrə əhalinin 1,9 faiz azalması,
urbanizasiyanın 15,4 faizədək artması, sənaye istehsalının 103,4
faiz artması və kənd təsərrüfatı istehsalının 9,8 faiz azalması
proqnozlaşdırılır. Qazaxıstan üzrə əhalinin 16,5 faiz artacağı,
urbanizasiyanın 11,2 faizədək yüksələcəyi, sənaye istehsalının 8,3
faizlə orta templə artacağı və kənd təsərrüfatının 1,5 faiz
yüksələcəyi gözlənilir. Özbəkistan üzrə isə əhali artımının ən
yüksək – 24,6 faiz olacağı, urbanizasiyanın 10,7 faizədək artacağı,
lakin sənaye istehsalının 7 faizə qədər azalacağı, kənd
təsərrüfatının isə 2023-cü il göstəricilərinə nisbətən 1,6 faiz
səviyyəsində qalacağı proqnozlaşdırılır”, – deyə məlumatda
bildirilir.

